Zərərçəkmiş: “Xosrovyan azərbaycanlı əsiri çarpayıya bağlayıb döyürdü”
“Biz Xankəndi xəstəxanasında olanda Xosrovyan Pənah İsgəndərov adlı əsiri çarpayıya bağlayıb döyürdü”.
“Report”un xəbərinə görə, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Cahid Həsənov deyib.
“Aprel ayında məni Şuşa türməsində apardılar. Gördüm orada Pənaha həm Mkrtiçyan, həm də Xosrovyan işgəncə verir. Mkrtiçyanın boks əlcəkləri var idi, yeyib içib bizim üstümüzdə məşq edirdi. Rusiyadan bir nəfər var idi, Azərbaycan tərəfindən döyüşlərdə ermənilərə əsir düşmüşdü. Ermənilər onu güllələyib öldürdülər”, - zərərçəkmiş bildirib.