Keçmiş əsir: “Ermənilər dişimi kəlbətinlə dartıb çıxarırdı”
“1994-cü ilin yanvar ayında hərbi xidmətə çağırılmışam, fevralın 14-də dağda olarkən çovğun başladı, izi itirdik”.
Bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Kamil Babayev deyib.
O bildirib ki, əsir düşəndə dinişi erməni hərbçiləri qırıblar: “Kəndin aşağı hissəsinə düşərək gizləndik. Gördük aşağıdan 3-4 nəfər gəlir. Həmin şəxslər bizi görən kimi dedilər ki, “qorxmayın gəlin, Daşkəsən uşaqlarıyıq”. Biz də çıxdıq qoşulduq bunlara. Bir az gedəndən sonra bizim yükümüzü və silahımızı aldılar ki, guya kömək edirlər. Silahımızı verəndən sonra bizi arxadan vurdular özümüzdən getdik. Ayılanda gördük ki, əllərimiz bağlıdır. Bizi Kəlbəcərdə bir sıldırım yerə apardılar. Mənim ayağımı digər əsir yoldaşımın ayağına bağladılar ki, qaça bilməyək. Kəlbəcərə çatanda erməni hərbçilər bizim üstümüzə hücum edib döyməyə başladılar. Bizi əsir götürənlər onların qarşısını kəsdi. Sonra hərbi hissəyə gətirib bir dəmir qapılı yerə saldılar. Hərbçilərdən biri mənim titan dişlərimi kəlpətinlə dartıb çıxarmaq istədi, alınmadı, dişimi qırdılar.
Daha sonra məni Ağdama, oradan isə Xankəndinə gətirdilər. Hər gecə ac-susuz dəfələrlə döyürdülər. Əsir düşəndən 3 aydan sonra çimməyə soyuq su verdilər. Əsirlikdə olanda döyüb burnumu sındırdılar. Mkrtiçyan və Xosrovyanı Şuşa türməsində tanımışam. Onlar məni təpik, yumruq və armaturla döyürdülər. Xankəndinə ev tikmək üçün apardılar. Bizi işlədib, sonra aparıb Mkrtiçyanla Xosrovyana təhvil verirdilər. Onlar da çatan kimi döyürdülər. Hələ də əsəb xəstəliyindən əziyyət çəkirəm".(Report)