Sərhədin birtərəfli açılışı: Gürcüstana gedən azərbaycanlılar geri qayıda biləcəkmi? (ŞƏRH)
"Bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Gürcüstana gedəcək şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək: "Pandemiyadan əvvəlki illərdə Gürcüstan iqtisadi, xüsusən də turizm sferasında ölkəmizin əsas tərəfdaşlarından idi. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyəsi 659 milyon dollar olub. Son 4 ildə ölkələr arasındakı ticarət dövriyəsində yalnız müsbət dinamika müşahidə olunub. 2016-ci ildə ticari dövriyə 468 milyon dollar olduğu halda növbəti iki ildə uyğun olaraq 561 və 592 milyon dollaradək yüksəlib. Pandemiyayadək truzim sektorunda da Gürcüstan Azərbaycanın ən vacib tərəfdaşlarından idi. 2019-cu ildə Gürcüstandan Azərbaycana 725 min nəfər gəlmişdi. Bu, ölkəmizə Rusiyadan gələnlərdən sonra say baxımdan ikinci ən böyük göstərici idi. Həmin il xaricə gedən 5 milyon 567 min Azərbaycanlı turusitin 28,9%-i Gürcüstana səfər edib. Bu o deməkdir ki, 1 milyon 926 min vətəndaşımız il ərzində Gürcüstana gedirdi”.
Deputat onu da əlavə edib ki, pandemiya səbəbindən bu ilin 4 ayında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə azalıb: "Həmin dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da 5,8 dəfə azalıb. Göründüyü kimi, pandemiya turist səfərlərinin kəskin azalmasına səbəb olub. Gürcüstana quru yolla səfərin mümkünlüyündən sonra qonşu ölkəyə gedənlərin sayının artacağı gözlənilir. Yay mövsümündə səfər edənlər üçün bu yeni bir imkandır. Yay turizm mövsümünün yaxınlaşdığını nəzərə alaraq bizdə də ölkəmizə səfər ilə bağlı qaydaların mərhələli şəkildə yumşaldılması məqsədə uyğun olardı. Belə ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər”.
Vüqar Bayramov hesab edir ki, yoluxma sayının lokallaşdırıldığı ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilməsi bu baxımdan məqsədəuyğun olardı: "Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu, bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.
Vüqar Bayramov Azərbaycanın hansı ölkələrlə sərhədlərini açması məsələsinə də münasibət bildirib: "Daha məqsədəuyğun olardı ki, hansı ölkələrdə yoluxma sayı azalıbsa, vaksinasiya səviyyəsi yüksəkdirsə və praktiki olaraq pandemiya baxımından risk qrupu olan ölkələrə daxil deyil, həmin ölkə vətəndaşları üçün neqativ COVİD testi ilə mərhələli şəkildə Azərbaycana gəlişə icazə verilməsi həyata keçirilsin”.
Vüqar Bayramov Gürcüstanın birtərəfli qaydada Azərbaycanla quru sərhədlərini açmasından sonra qonşu ölkəyə gedənlərin necə geri qayıda bilməsi məsələsinə də toxunub: "Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması ilə bağlı hər hansı qadağa yoxdur. Azərbaycan vətəndaşları xaricdədirlərsə, mövcud qaydalara əsasən, COVİD-19 neqativ testi verərək Azərbaycana qayıda bilərlər. Azərbaycana qayıdışla bağlı da konkret marşrutlar müəyyənləşib. Məsələn, Rusiyada yaşayan vətəndaşlarımızın bir qismi sərt karantin tədbirləri tətbiq olunduğu müəddətdə İstanbul üzərindən Azərbaycana geri dönmüşdülər. Amma biz də təklif edirik ki, Azərbaycan tərəf də xüsusən də vurusun lokallaşdığı ölkə vətəndaşlarının neqativ COVİD testi ilə Azərbaycana səfərlərinə icazə versin. Çünki nəzərə alsaq ki, yay mövsümü başlayır, həmin vətəndaşların neqativ COVİD testi ilə Azərbaycana gəlişinə icazə verilməsi məqsədəuyğun olardı. Bildiyimiz kimi, Operativ Qərargah tərəfindən xüsusi hallarda xarici vətəndaşların Azərbaycan səfərlərinə icazə verilib”.