Zəlzələnin nəticələri Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə təsir göstərəcəkmi? - ŞƏRH
Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır.
AFN.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Türkiyədə baş verən dağıdıcı zəlzələnin ölkələrarası iqtisadi-ticari münasibətlərə təsirini qiymətləndirərkən deyib. O, bildirib ki, 2022-ci ildə Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsi 6.0 milyard dollara yaxınlaşıb. 2021-ci ildə bu rəqəm 4 milyard 661 milyon dollar olub. "Ötən ilin ilk 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq ixrac etmişik, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxalımız olub" - deyə V.Bayramov bildirib.
Deputatın sözlərinə görə, Türkiyə eyni zamanda Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır: "3.0 milyard dollarlıq enerjidən kənar ixacatımızın təxminin 1/3-i Türkiyənin payına düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malik olmaqdadır. Xüsusən də qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır".
"Baş verən təbii fəlakətin coğrafiyasını və Türkiyəyə ixracatımızn strukturuna diqqət yetirsək, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək. Cari ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıq da bu il davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində düşüşlər olmazsa, Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi azalma gözlənilmir" - V.Bayramov qeyd edib.