Deputat Kəmaləddin Qafarovun ailə biznesi: MOM tenderləri və dərman şəbəkəsi

Bu günlərdə sosial şəbəkələrdə bir foto xeyli müzakirə mövzusuna çevrildi. Milli Onkologiya Mərkəzinin (MOM) qarşısında çəkilən foto bu xəstəxanaya üz tutan insanların çoxluğu ilə yanaşı, mərkəzdə xəstələrə olan münasibəti, qanunsuz ödəmə tələblərini, korrupsiyanı özü ilə bərabər gündəmə daşıyıb.
Müzakirələrdə MOM-un direktor müavini, Milli Məclisin deputatı, əczaçılıq sahəsində bir neçə böyük şirkətin sahibi kimi tanınan Kəmaləddin Qafarovun adı hallanır. Onun hüdudsuz dərman ticarəti şəbəkəsinə sahib olması bu iddiaların əsas səbəblərindən biri kimi göstərilir.
K.Qafarovun əsas dərman firması “AZERİMED” (VOEN 1500072561) 2004-cü ildə təsis olunub. Qafarovun ailəsi həmçinin “Kanon” MMC, “Mega Pharmacy” MMC, "AZERİMED MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmalarına da nəzarət edir.
YAP-ın 9 saylı Binəqədi II seçki dairəsindən deputatı olan Kəmaləddin Qafarovun rəhbərlik etdiyi biznes şəbəkəsi ilə bağlı mediada dəfələrlə məlumatlar yayılıb. Jurnalist Cavanşir Həsənli tərəfindən aparılan araşdırmalarda Qafarovun ailə şirkətlərinin MOM-un tenderlərində şübhəli aktivliyi üzə çıxarılıb.
Təkcə 2019-cu ildə MOM və “AZERİMED” arasında imzalanan müqavilə 10 milyon 200 min manat olub. Bundan əvvəl 2018-ci ildə daha bir müqavilənin məbləği 10 milyon 120 min manat təşkil edib.
Qafarovun qeydiyyatda olduğu ünvanda - Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155 - bir sıra şirkətlər hüquqi qeydiyyatdadır. Bunlara “AZERİMED MNK” MMC, “KANON” MMC, “MEGA PHARMACY” MMC və digərləri daxildir. Həmin şirkətlər onun ailə üzvlərinin adına rəsmiləşdirilib.
Qafarovlar ailəsinin idarə etdiyi "Zəfəran" apteklər şəbəkəsi və "Zəfəran" Hospitalı ölkə üzrə geniş yayılmış tibbi infrastruktur şəbəkəsinə malikdir. Gürcüstanda fəaliyyət göstərən “HELİOS PHARMA LTD” adlı əczaçılıq şirkəti də ailənin nəzarətində olub.
Bütün bu faktlar göstərir ki, Kəmaləddin Qafarov illər ərzində “xırda” şirkətləri “AZERİMED” MMC-də birləşdirərək, Onkologiya Mərkəzinin tenderlərində böyük pay əldə etməyə nail olub. Bu mərkəz isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan, korrupsiya və qeyri-rəsmi ödənişlərlə gündəmə gələn bir xəstəxana kimi tanınır.
Hazırda deputat baş verənlərlə bağlı hər hansı açıqlama verməkdən imtina edir.
AFN.az – İqtisadiyyat şöbəsi