Kənd təsərrüfatı məhsullarının idxalı niyə artır? - MÜZAKİRƏ
Cari ilin ilk üç ayında idxal edilən kənd təsərrüfatı məhsullarının bir çoxunda artım müşahidə edilib.
Belə ki, bu ilin yanvar-mart aylarında ölkəyə 15,5 min ton düyü idxal edilib. İdxal edilən düyünün dəyəri 10,7 milyon dollar olub ki, ötən ilin eyni dövründə dəyəri 9,1 milyon dollar olmaqla 14,4 min ton düyü idxal edilib. Bundan başqa, bu ilin yanvar-mart aylarında ölkəyə 132,2 min ton meyvə-tərəvəz idxal edilib. İdxal edilən meyvə-tərəvəzin dəyəri 72,4 milyon dollar olub. Xatırladaq ki, ötən ilin eyni dövründə 68,2 milyon dollarlıq 122,5 min ton meyvə-tərəvəz idxal edilib. Cari ilin üç ayında ölkəyə 187,9 min ton buğda idxal olunub. Hesabat dövründə idxal edilən buğdanın dəyəri 47,7 milyon ABŞ dolları olub. Ötən ilin eyni dövründə ölkəyə 36,2 milyon dollarlıq 165,5 min ton buğda idxal edilib. Bu gün bir sıra kənd təsərrüfatı məhsullarının idxalında yaranan artımın səbəbləri nə ilə bağlıdır? Xüsusilə də niyə ölkəyə buğda idxalı azalmaqdansa daha da artır?
İqtisadçı-ekspert Fuad İbrahimov AFN-ə bununla bağlı bildirdi ki, ümumiyyətlə, istənilən məhsulun hər birinin sortu var və bu gün ölkəyə idxal olunan, Azərbaycanda yetişdirilməyən məhsullarda artım olması təbii haldır: “Hətta yetişdirilsə belə, o effekti vermir. Bu nöqteyi- nəzərdən həmin qəbildən olan məhsulun adı bizə tanış gəlsə də o sortdan bizdə yetişdirilmir və fərq oradan yaranır. Ancaq biz özümüzü buğda ilə tam təmin edə bilmirik və hökumət tərəfindən buğdanın idxalı davam etdirilir. O ki qaldı ixracın artması ilə bağlı 2015-ci ildən yol xəritəsi işıq üzü görəndən istədiyimiz rəqəmlərə nail ola bilməmişik. İxrac var, ancaq ixracın şaxələnməsi istiqamətində kifayət qədər statistik faktlar, məlumatlar əldə edə bilmirik. Halbuki, hökumət tərəfindən xaricdə ticarət evlərinin açılması, bu yaxınlarda Türkiyə ilə müəyyən məhsulların gömrük rəsmiləşməsi olmadan sıfır faizlə ixracı barədə sazişin imzalanması kimi nailiyyətlər əldə olunub. Ancaq faktiki olaraq o göstəriciləri əldə edə bilməmişik və bunun üçün 2-3 il zaman tələb olunacaq”. Ekspertin fikrincə, bizim torpaqlarımızın kifayət qədər imkanı var ki, tələbatı daxili imkanlar hesabına ödəyək: “Bu məsələnin əsl cavabını biz yaxın gələcəkdə azad olunmuş torpaqlarımızın iqtisadi dövriyyəyə cəlb olunması ilə tamamilə aradan qaldırmış olacağıq. Birincisi, nəzərə almaq lazımdır ki, azad olunmuş torpaqlarımızda tarixən məhz bu qəbildən olan təsərrüfatların yaradılması üçün münbit şəraitin olması qısa zaman kəsiyində bu problemlərin həllinə imkan verəcək. Ermənistan bizim torpaqlarımızın münbitliyindən yararlanmağa çalışıb. Azərbaycanın bugünkü vəziyyəti, bütün istiqamətlər üzrə modern yanaşması, eyni zamanda təcrübəsi nəticəsində şübhəsiz ki, daha sürətli iqtisadi dövriyyəyə cəlb olunmasının şahidi olacağıq. Bir də nəzərə almaq lazımdır ki, azad olunan torpaqlarımızın təbii sərvətlərinin zənginliyi baxımından hələ sovet dövründə müvafiq ehtiyat fondları tərəfindən məlumatımız var. Hazırda aidiyyatı qurumlar tərəfindən təftiş işləri aparılır ki, hansı dərəcədə torpaqlarımıza ziyan vurulub və bu da qısa zaman kəsiyində müəyyən ediləcək”.
İqtisadşı-ekspert Akif Nəsirli deyir ki, fiziki çəkidə baxsaq, artım o qədər də çox deyil, sadəcə olaraq buğdanın qiyməti bahalaşıb və biz ona görə daha çox buğda idxal eləmişik: “Ötən ilin yay aylarından başlayaraq pandemiya ilə bağlı bütün ölkələr ərzaq ehtiyatı yığmağa başladılar. O cümlədən də buğda bazarında tələbat çoxaldığı üçün qiyməti bahalaşdı. Bununla yanaşı, Azərbaycan idxalçıları da bazarın tempinə uyğun olaraq buğda idxalını artırmağa çalşdılar. Dünyanın tendensiyasına baxaraq imkan olduğu qədər buğda idxal etməyə başladılar. İlk üç ayda buğda idxalı artıb. Ötən həftənin əvvəlindən başlayaraq dünya bazarında buğda və şəkərin qiyməti sabitləşməyə başlayıb. Ümumiyyətlə, ərzaq məhsulları, bitki yağları, ət, süd və s. məhsullar bahalaşıb. Bu da onunla bağlıdır ki, artıq koronavirus vaksinləri təcrübədən keçir, dünya ölkələri pandemiya tunelinin o başında işıq görürlər. Düşünürlər ki, 5-6 aya pandemiya ilə vidalaşacağıq. Ona görə də dünya ərzaq bazarında ehtiyat toplama tempi bir qədər səngiyib. Hətta bu həftənin ilk günlərində buğdanın qiymətlərində azalma müşahidə edilib”. Buğda idxalına gəldikdə isə ekspert bildirdi ki, Azərbaycanda yerli istehsal əhalinin tələbatının 40-50 faizini ödəyir: “Ona görə də biz buğdanın qalan hissəni xaricdən idxal etmək mıəcburiyyətindəyik. Buğda istehsalı ilə idxalı arasında uyğunsuzluq da var. Ötən illərdə müşahidə edirdik ki, bir tərəfdən ölkəyə ərzaq buğdası və un idxalı çoxalıb, digər tərəfdən yerli istehsal artıb. Ancaq normalda yerli istehsal artdıqca idxal çoxalmalıdır. Bu onunla bağlıdır ki, yerli istehsalın artma statistikası saxtadır. İdxalı saxtalaşdıra bilməzlər, çünki onu saxtalaşdırmaq üçün müəyyən rüsumlar da ödənilməlidir və bu, büdcə təsnifatında görünməlidir. İdxalı saxtalaşdırmaq maraqlı deyil, çünki hətta idxalı gizlədirlər. Ancaq yerli istehsalın şişirdilməsi müəyyən qüvvələr üçün maraqlıdır. Bir tərəfdən hökumət üçün maraqlıdır ki, yerli istehsal artır, bu, müsbət tendensiyadır. Digər tərəfdən buğda istehsalçılarına subsidiya verilir, burada saxtakarlıq edirlər, buğda əkilməyən torpaqların adına subsidiya yazırlar, onu da götürüb xərcləyirlər, korrupsisyaya yol verirlər. Ona görə də belə bir anlaşılmazlıq yaranır ki, guya ölkə daxilində də taxıl istehsalı, həm də idxal artır. Ancaq reallıqda yerli istehsal artmayıb, bəzi hallarda azalıb. Taxıl istehsalında məhsuldarlıq ildən-ilə aşağı düşüb. Böyük ehtimalla məhsuldarlıq aşağı düşdükcə istehsal həcmi də aşağı düşür”. İqtisadçı onu da vurğuladı ki, digər tərəfdən bu il işğaldan azad olunmuş ərazilərdə 10 min hektara yaxın əlavə taxıl sahələri əkilib: “Onun hesabına ölkədə taxıl istehsalı bir qədər artacaq, qarşıdakı illərdə o sahələr daha da genişləndiriləcək. Müəyyən səbəblərə görə bu il ərazilərimizin tam gücündən istifadə edə bilmirik. Yəqin ki, növbəti illərdə tam gücündən istifadə edilsə, Azərbaycan fermerləri yerli tələbatın 70-80 faizi həcmində taxıl istehsal edə biləcək. Bu zaman taxıl idxalında azalma tendensiyasını müşahidə edə bilərik”.
NİGAR