Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi?


Milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunmalıdır.



AFN.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, Rusiyanın Azərbaycana qarşı təhdidlərinin artmasından dolayı yaranan gərginlik təkcə siyasi, iqtisadi və diplomatik sahədə yox, rəqəmsal müstəvidə də ciddi risklər yarada bilər: “Əminliklə demək olar ki, bu, daha çox özünü Azərbaycan internetinin dayanıqlığında göstərəcək.



Azərbaycanın magistral internet bağlantıları əsasən Türkiyə-Gürcüstan, Avropa-Gürcüstan, Rusiya və İran üzərindən ölkəyə daxil olur. Yəni Azərbaycan interneti bu magistrallar üzərində “oturub”. Ölkəyə daxil olan trafikin yarıdan çoxu isə hələ də Rusiya üzərindəndir. Yəni ən böyük trafik asılılığı Rusiya istiqamətindədir.



Fikrimcə, son zamanlar baş verənlər göstərir ki, Azərbaycan interneti və ümumiyyətlə informasiya məkanımızla bağlı Rusiya və İran tərəfdən təhdidlər və risklər xeyli güclənəcək.



Rusiya Azərbaycan internetinə müdaxilələr edə bilər, fiziki olaraq magistral optik xətlər sıradan çıxarıla bilər, həmçinin də filtrasiya və bloklanma kimi trafikə süni məhdudiyyətlər tətbiq edə bilər. Belə risklər qaçılmazdır. Düşünürəm ki, bu riskləri azaltmaq və onlardan yayınmaq üçün İnternet marşrutlarının diversifikasiyasını sürətləndirmək lazımdır. Azərbaycan üçün ən etibarlı ola biləcək Türkiyə və Gürcüstan üzərindən trafik daha da artırılmalıdır.”



Ekspert qeyd edib ki, Qara Dənizin dibi ilə trafik gətirən fiber-optik xəttə sahibliklə bağlı “AzerTelecom” şirkətinin “Caucasus Online” ilə anlaşmasına Gürcüstan hökuməti tərəfindən qoyulan bloklanmanı aradan qaldırmaq üçün Azərbaycan hökuməti səylərini gücləndiriməlidir: “Az domeni ilə bağlı problemi İKTA hələ də həll edə bilməyib. DNS xidmətləri ölkə daxilində yerləşdirilməlidir.



DTX Az domeni ilə bağlı infrastrukturu kritik elan etməlidir. Amma görünən odur ki, hələlik bu istiqamətdə heç bir dəyişiklik müşahidə olunmur.



Düşünürəm ki, indiki anda kritik dövlət və özəl sektor üçün, vacib olan media saytları üçün ehtiyat internet bağlantılar yaradılmalıdır.



Bu tip qurumların internet bağlantıları mütləq olaraq hər üç magistral provayder üzərindən olmalıdır.



Magistral operatorlarımız - “AzerTelecom”, “Delta Telecom” və “Aztelekom” Azərbaycan internetinin dayanıqlığı və informasiya sahəsində milli təhlükəsizliyimiz üçün daha çevik, əlaqələndirilmiş formada və ehtiyatlı davranmalıdırlar. Trafik marşrutlarının diversifikasiyası, kritik infrastrukturun daxili ehtiyatlarla təmin edilməsi və xarici təsirlərə qarşı monitorinq sistemlərinin gücləndirilməsi bu mərhələdə ən vacib addımlardır.



Ümumiyyətlə, dünyada və regionda gedən proseslər göstərir ki, ölkədə milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunması daha məqsədəuyğun olardı.”




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu