Rusiya MN-in AZAL təyyarəsinə atəş əmrini verməsi anı: audioyazı

Ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyi iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Minval.az-ın redaksiyasına sensasion materiallardan ibarət anonim məktub daxil olub.
Məktubda təyyarəyə Rusiya Müdafiə Nazirliyinin göstərişi ilə atəş açıldığını iddia edən Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin kapitanının izahatı, həmçinin video-audioyazılar, texnikanın bərbad vəziyyətdə olması ilə bağlı təfərrüat yer alıb.
“Mən, kapitan Dmitri Sergeyeviç Paladiçuk mənə verilən suallarla bağlı belə izah verə bilərəm: Mən 274 saylı döyüş maşınının komandiriyəm, ekipajın rəhbəriyəm, 24.12.24-dən 25.12.24-dək Qroznı şəhərini əhatə etmək üçün döyüş növbətçiliyində olmuşam. 25.12.24 saat 05:40-da 1 saylı hazırlıq vəziyyətinə keçmək barədə əmr daxil olub. Saat 05:48-də mobil rabitə vasitəsilə №1 hazırlığa keçid haqqında məlumat verdim. Mövqedəki mobil rabitə qeyri-sabit idi və mənim başqa sabit rabitə vasitələrim yox idi. Fiberoptik kabellər çəkilsə də, terminala qoşulmadı və yığım sahəsi olan rəqəmsal telefon yox idi. Saat 08:11-də Hədəf Aşkarlama Stansiyası potensial hədəfi aşkar etdi və mən çoxfunksiyalı radar stansiyası tərəfindən dəqiq izləmə götürdüm və bu barədə 51-ci Diviziya Komandanlığına məlumat verdim.
Saat 08:13-də yenilənmiş koordinatları bildirdim: α = 338 dərəcə, D = 7000 m, H = 490 m, V = 118 m/s, 230 dərəcə istiqamət. Mənə telefonla hədəfi məhv etmək əmri verildi. Komanda məntəqəsinə bildirilən çox qalın duman səbəbindən hədəf optikada görünmürdü. Saat 08:13:30-da operatora məhv etmək əmrini verdim. 08:13:33-də raket buraxılış meydançasını tərk etdi. Saat 08:13:47-də BM-72V6 mərkəzi idarəetmə sistemi hədəfin itirildiyini bildirdi. Saat 08:13:48-də yenidən atəş açmaq əmrini verdim.
Radar məlumatlarına görə, ilk raket hədəf aşağıdakı koordinatlara malik olduqda buraxılıb: α = 319 dərəcə, D = 7300 m, H = 697 m, V = 80 m/s. İkinci raket hədəf aşağıdakı xüsusiyyətlərə malik olduqda buraxılıb: α = 311 dərəcə, D = 8000 m, H = 1300 m, V = 120 m/s”, - izahatda deyilir.
Redaksiya daha sonra əlavə edib: “Bu məktubun kapitanın imzası ilə təsdiqlənməsinə baxmayaraq, onun həqiqiliyini təsdiq etməyi öhdəmizə götürmürük. Lakin onun mövcudluğu faktı, həm də bu sənədin altı aydır davam edən istintaq, həm də cəmiyyət üçün əhəmiyyəti bizi onu dərc etməyə məcbur edir. Bundan əlavə, əldə edilmiş məlumatlar faciənin baş vermə şəraitini araşdıran Azərbaycan Respublikasının səlahiyyətli orqanları üçün faydalı məlumat ola bilər.
Amma məktubun məzmununu təsdiqləyən üç səsli mesajın səs yazısını real adlandırmaq olar. Söhbətlərin tam stenoqramını açıq-aydın təqdim edə bilmərik - hələ ki, istintaq orqanları onları öyrənməlidir. Lakin qeyd edək ki, hər üç səs əməliyyat əmrini verdiklərini, iki dəfə atəş açdıqlarını və raket parçalarının təyyarəyə dəydiyini iddia edirdilər.
Təbii ki, bu məlumatlar diqqətlə təhlil tələb edir və müvafiq strukturlar bu imkanı əldən verməyəcəklər”.