Lukaşenkonun Bakıdan apardığı gizli mesaj: KTMT daxilində gərginlik yenidən artır


Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri başa çatsa da, nəticələri hələ müzakirə olunur.


Buna səbəb cənab Lukaşenkonun Minskə qayıtdıqdan sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsidir. Ancaq bu barədə yeganə məlumat hər iki dövlət başçısının Dağlıq Qarabağ problemi ətrafında fikir mübadiləsi apardığına dair bir cümlə xəbərdən ibarətdir. Telefon danışığında həmin məsələyə qısa toxunulduğu ehtimal olunsa da, müzakirələrin detalları kifayət qədər məxfi saxlanılır. Ancaq ilkin rəylər Belarus prezidentinin münaqişənin nizamlanması ilə bağlı hansısa mesajı rusiyalı həmkarına çatdırması ilə bağlıdır. Yəni A.Lukaşenko bu prosesdə vasitəçilik təşəbbüsü göstərib. Lakin müzakirə olunan mövzunun Azərbaycanla Rusiya, yoxsa Ermənistan arasında mübahisə predmeti olduğu məlum deyil. Əsas ehtimallardan biri Lukaşenkonun Putinlə son vaxtlar Azərbaycan-Ermənistan və Rusiya arasında mübahisə predmetinə çevrilmiş “əsirlər” problemini müzakirə etməsidir.
Qeyd edək ki, söhbət Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 2020-ci il noyabrın 10-da hərbi əməliyyatların dayanadırılmasına dair imzalanmış üçtərəfli bəyanatdan sonra Xocavənd rayonu ərazisində terror aktı törətmiş 62 nəfər erməni yaraqlısından gedir. Azərbaycan tərəfi onları terrorçuluqda ittiham edərək həbs ediləcəyini bildirib. Sonradan həmin yaraqlılardan 8 nəfəri geri qaytarılıb. Kreml isə ermənilərin hərbi əsir adlandırğı terrorçuların qaytarılması məsələsində özünü bitərəf göstərməyə çalışsa da, faktiki olaraq, Vladimir Putinin Baş nazir Paşinyanla aprelin 7-də keçirdiyi görüşdən bir gün sonra Azərbaycan Prezidentinə zəng etməsi, həm də Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin açıqlamaları Moskvanın rəsmi Bakıya təzyiqlərindən xəbər verir. Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rüstəm Muradovun təyyarə ilə Ermənistana guya “əsirləri” aparması barədə məlumatı yalan təxribat adlandırması da rəsmi Moskvanın neytral qaldığını nümayiş etdirməyə hesablanmışdı. Halbuki, Rusiyanın “əsirlər” problemini həll etmək üçün diplomatik səylərini gücləndirməsi Kremlin bu məsələdə Ermənistanın yanında yer aldığını göstərir. Lakin Azərbaycanın terrorçuların təhvil verilməyəcəyinə dair qətiyyətli mövqe nümayiş etdirməsi son zamanlar həm Ermənistanla, həm də Rusiya ilə ciddi mübahisə predmetinə çevrilib. Buna baxmayaraq, terrorçuların taleyi ilə bağlı qapalı danışıqların getdiyi istisna olunmur və bunu səfir Kopırkin də etiraf edib. Ermənistan sosial şəbəkələrində yayılan məlumatda isə Azərbaycanın “əsirləri” geri təhvil vermək üçün üç şərt irəli sürdüyü barədə xəbərlər yayılmışdı. Qarşı tərəf iddia edir ki, Azərbaycan Dağlıq Qarabağda qalan Ermənistan hərbçilərinin tamamilə bölgəni tərk etməsini, Qırmızı Bazar-Şuşa younun Azərbaycan orsunun nəzarətinə keçməsini və Azərbaycanın Ermənistanla dövlət sərhəddində Kərki kəndi və digər işğal olunmuş ərazilərinin qaytarılmasını tələb edir. Ancaq hələlik bu şərtlərin heç biri yerinə yetirilməyib. Ermənistanda iyunun 20-də keçiriləcək parlament seçkiləri başa çatana qədər Baş nazir Paşinyanın sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində güzəştə gedəcəyi gözlənilmir. Dağlıq Qarabağda qalan Ermənistan hərbçilərinə gəlincə, onlar xidməti qulluq müddəti başa çatdıqdca ərazini tərk edəcək. Cari ilin fevral ayından verilmiş fərmana uyğun olaraq yeni hərbi xidmətə çağırılmış əsgərlər Azərbaycan ərazisinə göndərilməyəcək. Buna baxmayaraq, seçkilərdən sonra Paşinyan hakimiyyətdə qalarsa, bir sıra kompromiss addımlar atacağı da istisna olunmur. Onun aprelin 14-də parlamentdə çıxışı zamanı ermənilərə xitabən onları Azərbaycana və Türkiyəyə düşmənçiliyi çərçivəyə salmağa çağırması, “bu dava ilə nəyə nail olacağıq”, “Axı biz nə istəyirik” kimi suallar verməsi Ermənistan cəmiyyətini bu güzəştlərə hazırlamaq niyyəti kimi başas düşülə bilər.
Vətən müharibəsinin başa çatmasından sonra bölgədə faktiki olaraq, ərazi və hərbi üstünlük Azərbaycana məxsusdur. Dağlıq Qarabağdakı ermənilər adi məişət məsələlərində belə Rusiya sülhməramlılarına müraciət etməklə hərbi balansı Rusiyanın vasitəsilə dəyişməyə çalışır. Ancaq Rusiyanın belə addımlar atması təbii ki, Türkiyənin adekvat reaksiyası ilə qarşılaşa bilər. Ona görə də Rusiya və Azərbaycanın bu diplomatik təmasları hər iki tərəfə müttəfiq səviyyəsində yaxın olan Belarusun vasitəçiliyi ilə aparmağa çalışılır. Əlbəttə, Belarus prezidentinin Azərbaycana səfərinin məqsədi heç də Qarabağ mövzusu ilə bağlı olmayıb. Hazırda Qərbin iqtisadi sanksiyaları altında sıxılan Belarusun ciddi yardıma ehtiyacı var. Bu ilk növbədə, Belarusun maliyyə böhranından çıxması, əsasən də rublun devalvasiyasının qarşısını almaq üçün kreditlərin, yaxud xarici valyutanın cəlb edilməsi və Rusiyanın neft asılılığından azad olunması üçün alternativ karbohidrogen mənbələrinin tapılmasından ibarətdir. Ötən illərin təcrübəsi də göstərir ki, Belarus aldığı borcların müqabilində Azərbaycana yüksək keyfiyyətli silahlar və kənd təsərrüfatı məhsulları təqdim edə bilər.
Lakin Aleksandr Lukaşenko bir qayda olaraq, həmişə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olub. Ona görə də Lukaşenkonun Bakıda Prezident İlham Əliyevi böyük qələbə və işğal olunmuş əraziləri azadolunması münasibətilə təbrik etməsi onun bu problemə həm də subyektiv və ədalətli yanaşmasından irəli gəlir. Hətta bir neçə ay öncə onun eks-prezident Serj Sarkisyanla 2015-ci ilə aid söhbətinin səs yazısı da yayıldı. Audioyazıda Lukaşenko Sarkisyana ən azı ətraf rayonları Azərbaycana qaytarmağı və müharibəyə son qoymağı təklif edir. Lakin həmin dövrdə prezident olan Sarkisyan israrla bu təklifdən imtina edir. Hətta Lukaşenko Azərbaycan tərəfinin 7 rayonun müqabilində 5 milyard dollar ödəməyə hazır olduğunu bildirsə də, dilənçi ölkənin prezidenti sarkisyan 6 milyard verməyə hazır olduğunu deyir. Halbuki bu hadisə sonralar Ermənistan cəmiyytində “Sarkisyanın 6 milyard dollar haradan qazandığı”na dair narazı və şübhəli suallar doğurdu.
Lukaşenko 2016-cı ilin aprel döyüşləri zamanı da obyektiv mövqe tutaraq Ermənistanın Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək təşəbbüsünə qarşı çıxıb. Bu hadisə, eləcə də Belarusun Azərbaycana “Polonez” zenit raket kompleksləri satması Ermənistanla münasibətlərin gərginləşməsinə səbəb olub. Minsk və İrəvan arasında bu fikir ayırılğı hələ də davam edir. Hətta Lukaşenkonun Bakıya aprelin 13-14-də etdiyi səfər zamanı Azərbaycanı qələbə münasibətilə təbrik etməsi Ermənistanda Belarusafobiya əhval-ruhiyyəsini yenidən gücləndirib. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Aleksandr Lukaşenkonun ünvanına xoşagəlməz ifadələr işlədib: "Belarus xalqına hörmətlə yanaşsam da, onların heç vaxt belə bir sülhsevər qonşusuna sahib olmasını istəməzdim. Şünki bir müddətdən sonra Minskin qədim bir Azərbaycan şəhəri olduğu və Belarus xalqının mövcüd olmadığı üzə çıxacaq” - deyə Azərbaycanı şantaj edib.
Ona görə də Lukaşenkonun Azərbaycan səfərindən sonra Belarus-Ermənistan münasibətlərində gərginlik artan xətt üzrə gedəcək. Bu da çox güman ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan iki ölkə arasında ziddiyyətin yenidən baş qaldırması deməkdir. Hadisələrin bu cür inkişafı Rusiyanın Dağlıq Qarabağda hərbi baza qurmaq və Azərbaycanı perspektivdə KTMT-yə cəlb etmək planlarını pozur. Yəni təşkilat daxilində fikir ayrılığının dərinləşməsi Rusiyanın regiondakı manevr imkanlarını daraldır.
Əslində, Putinlə müzakirənin Lukaşenkonun şəxsi təşəbbüsü ilə də baş tutduğu istisna olunmur. Çünki Belarusun dövlət başçısı İkinci Qarabağ müharibəsinin qızğın vaxtında, yəni oktyabrın 2-də və noyabrın 4-də qanlı müharibəni dayandırmaq və Ermənistanı sülhə məcbur etmək üçün iki dəfə Putinə zəng edib. Yəni Lukaşenko mütəmadi olaraq belə missiya ilə çıxış edib.
Ola bilsin ki, A.Lukaşenko 5 saatlıq təkbətək görüşdə münaqişənin tam həllinə mane olan səbəblərlə maraqlanıb və bu barədə bəzi məsələlərin həllini Putindən xahiş etmək missiyasını növbəti dəfə öz üzərinə götürüb.
Digər ehtimal Lukaşenkonun “İskəndər M” raketləri ilə bağlı Bakının etiraz mesajını Rusiya prezidentinı çatdırması ola bilər. Bu raketin ixrac üçün nəzərədə tutulmamış “M9723” modelinin qalıqlarının Şuşa yaxınlığında aşkar olunması Rusiyanın 300 kilometrdən atıq məsafəni vuran ballistik raketlərin istifadəsinin istifadəsi və satışının qadağan edilməsinə dair Moskva müqaviləsinin pozulmasına səbəb olub. Bu isə Rusiyanın beynəlxalq nüfuzuna zərbə vura və digər ölkələrin sazişdən çıxmasına gətirib çıxara bilər. Nəticədə, NATO ölkələri Şərqi Avropada və və Ermənistanla sərhəddə daha ağır raketlər yerləşdirə bilər. Ona görə də Rusiya çətin vəziyyətə düşüb və bu hadisə Azərbaycana Rusiyanın həm təzyiqlərindən yayınmaq, yaxud da Qarabağ məsələsinin həllində əlavə siyasi dividentlər əldə etmək üçün manevr imkanları açır. Belarus prezidentinin Dağlıq Qarabağ problemi deyərkən bu məsələyə dair rəsmi Bakının ismarıcını Putinə çatdırdığı və onu razı salmağa səy göstərdiyi istisna olunmur.

M.Vahidli, AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu