İlham Əliyevin ZƏFƏRİ: Topxanadan-Topxanaya


Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri fonunda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaları açmağa və düşmənçiliyə son qoymağa çağırıb. Paşinyanın bu açıqlaması işğalçı ölkənin 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqları qəbul etdiyini göstərir.


Prezident İlham Əliyevin müəllifi olduğu bu reallıq regionun geosiyasi və geoiqtisadi konfiqurasiyanın yenidən qurulmasından ibarətdir. Dövlət başçısının Xocavənd rayonuna, Hadrut qəsəbəsinə və Şuşa şəhərinə ardıcıl səfərləri həmin ərazlər üzərində Azərbaycanın suverenliyini təqsidqləyən amil idi. Bu baxımdan, martın 20-də Azərbaycan Prezidentinin Novruz tonqalını 30 ildən sonra Şuşada yenidən yandırması həm də zəfər bayramını özündə ehtiva edirdi. Qeyd edək ki, Şuşada bayram tonqalı sonuncu dəfə 1991-ci ildə yandırılıb. 1992-ci ildə Şuşa uğrunda döyüşlər gedirdi və Xocalı soyqırımının törədilməsindən sonra matəm içində olan əhali daha çox şəhəri erməni işğalından müdafiə etməyə çalışırdı. Ona görə də son 30 ildə Şuşa şəhərində Novruz bayramı, demək olar ki, keçirilməyib. Bu müddət ərzində Şuşaya, eləcə də işğal altındakı Azərbaycan torpaqlarına bayram əhval-ruhiyyəsini qaytaracaq bir qüdrətli dövlət başçısına, sərkərdəyə ehtiyac var idi. Beynəlxalq vasitəçilərin münaqişəni danışıqlar yolu ilə həll etmək istiqamətində 29 illik fəaliyyəti isə yalnız işğal olunmuş ərazilərin hərbi yolla azad edilməsinin qarşısını almaqdan ibarət olub. Hətta Ermənistan hakimiyyəti 2019-cu ildən etibarən “Təhlükəsilzik əvəzinə yeni ərazilər”, “Qarabağ Ermənistandır və nöqtə” kimi tezisləri ortaya atmaqla, işğalda saxladığı əraziləri ilhaq etməklə Azərbaycanı güzəştə vadar etmək siyasətini seçdi. Bu da faktiki olaraq, danışıqlar prosesindən imtina edilməsi demək idi.



Artıq müzakirələr nəticəsiz qaldığından Ermənistan və eləcə də ATƏT-in Minsk Qrupu həmsdrləri Azərbaycanın mövcud reallıqla barışacağına ümid edirdilər. Vasitəçi dövlətlərin təklifi ən yaxşı halda 4 yaxud 5 rayonun Azərbaycana qaytarılması müqabilində Dağlıq Qarabağa müstəqillik statusunun verilməsindən ibarət idi. Ermənilər bundan istifadə edib Kəlbəcər və Laçın rayonlarını da dəhliz adı altında Ermənistana birləşdirmək istəyirdi. Ancaq proseslərin sonrakı inkişafı göstərdi ki, Azərbaycan dövləti üçün Dağlıq Qarabağ münaqişəsinin həlli üsulları yalnız “Madrid prinsipləri” və “Kazan formulu” kimi sənədlərlə yekunlaşmayıb. Azərbaycan işğal olunmuş ərazilərin azad edilməsi strategiyasını hazırlayıb. Prezident İlham Əliyev tərəfindən forlaşdırılan bu strategiya özündə beynəlxalq hüquqa əsaslanan fəal diplomatiya, güclü və maüsir hərbi texnologiyaya malik ordunun yaradılması və informasiya təbliğatını özündə ehtiva edir. Yalnız qeyd edilən resurslar hesabına Azərbaycan həm hərbi, həm də diplomatik müstəvilərdə öz qələbəsini təmin edə bilərdi. Müharibənin başa çatmasından sonra Azərbaycanın həmin sahələrdə üstünlüyü saxlamaqda davam etməsi dövlət başçısı İlham Əliyevin uzunmmüddətli strateji kursu düzgün müəyyənləşdirdiyini təsdiq edir. Lakin Prezident İlham Əliyevin zəfərini təmin edən mənəvi, ideoloji, icmtiai, psixoloji amillər də var ki, onlar bu prosesin tərkib hissəsini təşkil edir. Ona görə də bir sıra ekspertlər məsələyə kompleks yanaşmağa üstünlük verir. Münaqişənin başlanması ilə bitməsi arasında sanki bir siyasi əlaqə, qanunauyğunluq var.
1988-ci il noyabrın 15-də ermənilər tərəfindən Şuşa şəhəri yaxınlığındakı tarixi Topxana meşəsinin yandırılması Azərbaycana qarşı təcavüzün və Dağlıq Qarabağ probleminin başlandığı tarix hesab olunur. O cinayətdən 35 il sonra Azərbaycan ordusu həmin meşəliklərdən keçərək 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi. Həmin tarix Azərbaycanda Zəfər günü elan edildi. Noyabrın 10-da Ermənistanın baş naziri kapitulyasiya sənədini imzalamaqla təcavüz aktına son qoydu.



İndi Azərbaycan Prezidentinin Topxana meşəsinin mənzərəsi önündə Şuşada Novruz tonqalını alovlandırması erməni işğalına qarşı qələbənin mənəvi -psixoloji əsaslarını təşkil edir. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsini başladıb Azərbaycan xalqına qarşı soyqırım, etnik təmizləmə həyata keçirən erməni siyasətçiləri daima “Tarix qalibləri mühakimə etmir” düşüncəsi ilə hərəkət edib. Ancaq Ali Baş komandan İlham Əliyev ermənilərin Topxanadan başlanan separatçılıq və təcavüz siyasətinə elə Topxanadan zərbə endirməklə son qoydu. İlham Əliyev öz Zəfəri ilə Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan kimilərinə başa saldı ki, terror, cinayət yolu ilə körpə iuşaqları, qadınları qətlə yetirənlər, başqasının torpağını işğal edənlər qalib sayılmır. Tarix isə onları nəinki mühakimə etmir, hətta Prezidentin dediyi kimi, dəmir yumruqla cəzalandırır.
Prezident İlham Əliyevin liderliyi ilə qazanılan qələbənin ən mühüm strateji əhəmiyyəti ərazi bütövlüyü amili ilə bağlıdır. 44 gün ərzində Azərbaycan Dağlıq Qarabağın ətrafındakı yeddi rayonla yanaşı, Şuşa şəhərini, keçmiş Hadrut rayonunu və Xocavənd rayonunun 80 faizini geri qaytardı. Hərbi əməliyyatların başlanğıcında Azərbaycan hərbi üstünlüyə malik idisə, düşmənin əraziyə nəzarət imkanları daha geniş idi. Lakin Azərbaycan ordusunun qısa müddətdə sürətlə irəliləməsi Ermənistanın döyüş zonasındakı ərazi üstünlüyünü itirməsinə səbəb oldu. Hətta Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalının işğal altındakı bəzi əraziləri də düşməndən azad edildi. Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası çərçivəsində işğalçı qüvvələrin Qazax rayonunun işğal altındakı yeddi kəndindən və Sədərək rayonunun Kərki kəndindən də çıxacağı gözlənilir.



Ancaq bu proses daha geniş tarixi əhəmiyyət daşıyır. Çünki 1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycan mütəmadi olaraq ərazilərini itirib. Yəni Azərbaycanın ərazisi getdikcə kiçilib. 1992 ildən sonra ilk dəfə Azərbaycan öz ərazilərini geri qaytarıb. SSRİ-nin dağılmasından sonra postsovet ölkələri arasında ərazi münaqişələri yaradılıb. Rusiya tərəfindən həmin hibrid münaqişlər Azərbaycan, Gürcüstan, Ukrayna, Moldovanın ərazilər itirməsinə səbəb olub. Hətta Rusiya Qazaxıstana hələ də ərazi iddiası ilə çıxış edir. Digər Mərkəzi Asiya ölkələri arasında da sərhədlər mübahisəlidir. Prezident İlham Əliyevin qələbəsi sayəsində yeganə olaraq, Azərbaycan itirdiyi torpaqlarını qaytarmaqla yanaşı, ərazisini böyüdən dövlətə çevrildi.
Prezident İlham Əliyevin Qarabağ Zəfəri yalnız Qarabağda deyil, bütövlükdə Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi reallıqlar yaradıb. Artıq regionda marağı olan beynəlxalq güclər qalib dövlət kimi Azərbaycanın mövqeyi ilə barışmalı olur. Vaxtilə Azərbaycanı işğal faktı ilə razılaşmağa vadar etmək istəyən vasitəçilər indi Dağlıq Qarabağın statusu kimi məsələni gündəmə gətirməklə bölgədə sülh və sabitliyin pozulmasında maraqlı deyil. İndi ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər və digər beynəlxalq təşkilatlar Ermənistana mövcud situasiyanın tələb etdiyi kursdan kənara çıxmamağı tövsiyə edir. ATƏT-in hazırkı sədri Ann Liderin Bakıya və İrəvana son səfərləri artıq vasitəçi tərəfin mövqeyindəki dəyişikliyi açıq nümayiş etdirir.



Xanım Linderin Bakıya səfəri zamanı Prezident İlham Əliyev tərəfindən ona verilən mühüm mesaj münaqişənin artıq geridə qalması oldu. Müzakirə edilən digər mühüm məsələ isə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması, kommunikasiyaların və əlaqələrin bərpasa məsələsi idi. Yəni münaqişəni tətikləyəcək hər hansı addım Ermənistana daha ağır hərbi və iqtisadi zərbə vura bilər. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi və “Altılıq platforması” çərçivəsində regionla əməkdaşlığa qoşulması ermənilərə yalnız fayda gətirmiş olar. Əks təqdirdə, onların yenidən revanş götürmək cəhdi intihara gətirib çıxaracaq. Bu baxımdan, ATƏT sədrinin Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri ilə İrəvanda görüş keçirməsi diqqəti cəlb edir. Qeyd edək ki, əvvəllər beynəlxalq vasitəçilər separatçılarla vəziyyəti müzakirə etmək üçün Xankəndinə gedirdi və bununla vasitəçi tərəf Azərbaycana Dağlıq Qarabağda tanınmamış bir erməni “respublikası”nın olduğuna dair siyasi mesaj vermək istəyirdilər. Beləliklə, işğalın nəticələrini Azərbaycana qəbul etdirməyə çalışırdılar. İndi isə Azərbaycan Prezidentinin Zəfəri Dağlıq Qarabağda siyasi kollaps yaradıb. Ona görə də ATƏT sədri ilə görüş artıq Xankəndidən kənarda Ermənistan ərazisində baş tutub. Bununla da Ann Linder diplomatik tərzdə ermənilərə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və reallıqla hesablaşmağın vacibliyini anlatmağa çalışıb. ATƏT sədrinin İrəvana səfərindən dərhal sonra Baş nazir Paşinyanın Azərbaycanla kommunikasiyalarını açmaq və düşmənçiliyə son qoymağın vacibliyi barədə çağırış etməsi Ermənistan hakimiyyəti ilə də müzakirələrin məhz bu mövzuda aparıldığını deməyə əsas verir.



Prezident İlham Əliyevin Cənubi Qafqazın geosiyasi və geosiqtisadi mənzərəsini dəyişən uğurlu gedişləri bölgədə marağı olan Rusiya, Türkiyə və digər ölkələrin maraqlarına cavab verir. Çünki münaqişənin aradan qalxması Cənubi Qafqazı enerji və nəqliyyat marşrutlarının keçdiyi regional dəhlizə çevirir. 30 il Ermənistanın işğalçılıq siyasətinə dəstək verən Kreml sonda Dağlıq Qarabağ probleminin Rusiyanın bölgədəki geoiqtisadi layihələrdə iştirakını əngəllədiyini başa düşdü. Münaqişənin ləğvi Rusiyanın Azərbaycan və Ermənistan üzərindən, o cümlədən Dağlıq Qarabağdan keçən quru və dəmir yolları vasitəsilə yükdaşımalarının artmasına şərait yaradacaq. Rusiya Azərbaycan ərazisindən keçməklə Ermənistanla dəmir yolu əlaqəsi yaratmaq imkanı əldə edəcək. Gürcüstanın NATO-ya üzv qəbul olunması ehtimalı hər gün artdığından Rusiyanın Ermənistandakı hərbi bazaları ilə yerüstü əlaqəsi kəsilə bilər. Ancaq Azərbaycandan Mehri dəhlizinə çıxış Rusiyaya ilk dəfə olaraq Ermənistandakı hərbi bazaları ilə quru əlaqəsi yaratmağa kömək edə bilər. Bu həm də Rusiyaya Naxçıvandan keçməklə İranın Culfa stansiyasına və yaxın məsafədən quru yolla Türkiyəyə yükdaşımalar həyata keçirmək imkanı verir. Hətta Azərbaycan-Mehri-Naxçıvan dəmir yolu xətti Rusiya üçün Suriyadakı hərbi bazaları ilə quru əlaqəsi yaratmaq baxımından strateji əhəmiyyət daşıyır. Qeyd edək ki, indiyə qədər Rusiya Yaxın Şərqə hərbi yükləri dəniz və hava yolu ilə göndərirdi.



Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Monitorinq Mərkəzində təmsil olunmaqla rəsmən Cənubi Qafqazda hərbi iştirakını təmin etdi. Bu isə regionda geosiyasi və hərbi qüvvələr nisbətinin dəyişməsi deməkdir. Ona görə də Cənubi Qafqazda marağı olan ABŞ, NATO kimi güclər perspektivdə bu bölgədə Türkiyə ilə işləməyə üstünlük verəcəklər. ABŞ və Rusiya arasında rəqabətin artdığı hazırkı dönəmdə bu proses daha qaçılmaz görünür. Bakı-Mincivan-Mehri-Naxçıvan dəmir yolu xəttinə Türkiyə gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən Mərkəzi Asiya bazarına çıxış imkanı kimi baxır. Bu baxımdan, sözügedən nəqliyyat dəhlizinə nəzarət uğrunda rəqabətin artacağı gözlənilir. ABŞ, Britaniya, NATO da bu dəhliz vasitəsilə Mərkəzi Asiyaya və Əfqanıstana yükdaşımaların həyata keçirilməsində maraqlıdır. Bu isə Türkiyənin regiondakı strateji rolunu və əhəmiyyətini artıracaq. Eyni zamanda, Cənubi Qafqaz-Türkiyə marşrutunun Avropa və Çin arasında tranzit məkan kimi daha geniş nəqliyyat qovşağına çevriləcəyi gözlənilir.

M.VAHİDLİ

AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu