ABŞ-Rusiya münasibətləri dünya düzəninə necə təsir edəcək? - TƏHLİL


ABŞ və Rusiya arasında son günlər artmaqda olan qarşıdurma diplomatik böhranla nəticələnib. Prezident Cozef Baydenin ABC telekanalına müsahibəsində rusiyalı həmkarı Vladimir Putinin ünvanına kəskin ittihamlar yağdırmasına cavab olaraq, Kreml ABŞ-dakı səfiri Anatoli Antonovu məsləhətləşmələr üçün geri çağırıb.


Qeyd edək ki, Ağ Evin rəhbəri prezident Putinin 2020-ci ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə etdiyinə görə hesab verməli olacağını deyib. O, həmçinin Putini müharibələrin baş verməsinə görə qatil adlandırıb.
ABŞ-ın Rusiyaya qarşı artan sanksiyaları fonunda ziddiyyətin diplomatik müstəviyə keçməsi iki ölkə arasında 2014-cü ildən davam edən “soyuq müharibə”nin daha gərgin mərhələyə daxil olmasına səbəb olub. Əslində, Co Baydenin prezident seçiləcəyi təqdirdə, Rusiyaya qarşı sərt addımlar atacağı gözlənilən idi. Demokratların lideri hələ seçki kampaniyası zamanı sələfi Trampdan fərqli olaraq, Çini və İranı deyil, Rusiyanı ABŞ-ın birinci düşməni adlandırmışdı. Bayden prezident seçilərsə, Rusiyanı cəzalandıracağını vəd etmişdi. Ona görə də yanvar ayından etibarən Rusiyada müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyalarının başlanması, Putinə istefa tələblərinin gündəmə gəlməsi və onun yaxın ətrafının sanksiyalara məruz qalması Baydenin xarici siyasət strategiyası ilə əlaqələndirilirdi. Buna baxmayaraq, ABŞ prezidentinin Rusiya ilə Strateji Hücum Silahlarına dair müqaviləni bərpa etmək niyyəti qarşılıqlı münasibətlərdə yumşaldıcı element kimi nəzərdə keçirilirdi. Yəni siyasi müşahidəçilər Tramp dönəmində ABŞ-ın çıxdığı bu müqavilənin bərpasını iki superdövlət arasında gərginliyin azaldılması üçün fürsət pəncərəsi kimi dəyərləndirirdilər. Lakin Rusiyanın öz səfirini geri çağırmasından sonra tərəflər arasında razılaşmanın mümkünlüyündən danışmaq çətindir. Qeyd edək ki, 2016-cı ilin dekabr ayında da analoji diplomatik qalmaqal baş verib. Həmin vaxt Prezident Barak Obama Rusiya səfirliyinin 35 diplomatını prezident seçkilərinə kibermüdaxilə etmək və casusluq ittihamı ilə ABŞ-dan qovmuşdu. Eyni zamanda, Rusiyanın Los-Anceles şəhərindəki konsulluğu bağlanılmışdı. Həmin qərarın qəbulunda vitse-prezident Co Baydenin də mühüm rolu olub. Buna cavab olaraq, Rusiya da eyni sayda ABŞ diplomatını ölkədən çıxartmaq qərarı verdi. İndi yenidən diplomatik qarşıdurmanın yaranması Baydenin əvvəlki kursa qayıtdığını göstərir. ABŞ Dövlət Departamenti öz səfiri Sallivanı geri çağırmaq niyyətində olmadığını bəyan etsə də, hadisələr Rusiyanın Amerika diplomatlarını persona non-qrata elan etməsinə qədər inkişaf edə bilər. Hətta respublikaçı Coş Barnet prezident Baydenin açıqlamalarını Rusiyaya qarşı müharibəyə başlamaq cəhdi adlandırıb.

Rusiya dialoq axtarsa da...

Rəsmi Moskvanın Bayden administrasiyasının təziyqlərindən yayınmaq və dialoq imkanları axtardığı bir vaxtda “soyuq müharibə”nin artması Rusiya üçün mənfi nəticələr doğura bilər. Baydenin Putinə qarşı ittihamlar səsləndirməsi ilə eyni gündə Rusiyaya qarşı sanksiyaların qüvvəyə minməsi ABŞ prezidentinin bu açıqlamanı heç də ehtiyatsızlıqdan söyləmədiyini təsdiq edir. Rəsmi Vaşinqton Rusiyaya qarşı kompleks geosiyasi təzyiq strategiyasını işə salıb. Bu plan diplomatik, geosiyasi, iqtisadi, hərbi sahələrdə Rusiyanın mövqelərinin zəiflədilməsindən ibarətdir. “Navalnı işi” ilə bağlı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutur.
“ABŞ-ın siyasəti Rusiyaya ayrılmış müdafiə təyinatlı məhsulların və müdafiə xidmətlərinin ixracı üçün lisenziya və ya digər icazələrin verilməsindən imtina vetməkdir” - deyə Dövlət Departamentinin bəyanatında belə deyilir.
Qeyd edək ki, 2013-cü ildə ABŞ Rusiyanın 63 müdafiə sənayesi şirkətinə sanksiya tətbiq edib. Həmin qadağalardan sonra bir sıra ölkələr Rusiya şirkətləri ilə silahların və onların istehsalı, ixracı və idxalı sahəsində əməkdaşlığı dayandırmalı oldu. 2014-cü ildə Krımın ilhaqı ABŞ tərəfindən Rusiyanın hərbi-sənaye sahəsinə daha sərt sanksiyaların tətbiqinə yol açdı. Artıq üçüncü ölkələrə silah biznesini Rusiyanın öz daxilində belə qurmaq qadağan edilib. Həmin ölkələr (CAATSA) “ABŞ-ın düşəmənlərinə qarşı sanksiyalarla mübarizə qanunu” ilə embarqolara məruz qalır. Qeyri-neft sektorunda Rusiyanın ən böyük gəliri silah satışından əldə etdiyini nəzərə alsaq, sanksiyaların məqsədi yalnız rəsmi Moskvanı hərbi-siyasi cəhətdən deyil, həm də maddi baxımdan zəiflətməyə hesablanıb. Lakin Rusiya dünyada silah ixracına görə ABŞ-dan sonra ikinci yeri tutur. Baş nazirin müavini Yuri Borisovun verdiyi məlumata görə, 2020-ci ildə Rusiya silah və hərbi texnika satışından 15 milyard dollara yaxın gəlir əldə edib. Qərbin sanksiyaları 2017-ci ildən bəri gəlirlərin 15 milyard dolları ötməsinə imkan vermir. Ancaq Rusiya silah bazarında hələ mövqeyini sabit saxlaya bilir. Bu isə Rusiyanın maliyyə problemlərinin həllinə kömək etməklə yanaşı, Kremlin geosiyasi güc mərkəzi kimi üçüncü dünya ölkələrinə təsir etmək, hibrid münaqişələr yaratmaq imkanlarını təmin edir. Ona görə də Bayden administrasiyası Rusiya təbii qazının Avropa bazarlarına çıxışının qarşısını almaqla kifayətlənmir. İkinci mühüm gəlir mənbəyi olan müdafiə-sənayesi kompleksinin bazardan sıxışdırılması həm də Rusiyanın siyasi və hərbi cəhətdən zəiflədilməsi deməkdir. Çünki Kremlin ABŞ və NATO əleyhinə qarşı kursunun müəyyənləşməsində Rusiya hərbi elitası əsas rol oynayır. ABŞ isə hərbi-sənaye komleksinin maliyyə dayaqlarını sarsıtmaqla bu təhlükəni zərərsizləşdirməyə çalışır.
Hətta prezident Bayden Rusiyanı çökdürməkdə israr edərsə, seçkilər öncəsi vəd etdiyi kimi, bu ölkənin “SWIFT” beynəlxalq pul köçürmə sistemindən çıxarılması təklifini gündəmə gətirə bilər.

Regional qarşıdurmalar güclənə bilər

ABŞ-Rusiya münasibətlərində gərginliyin artması ilə bir sıra regional qarşıdurmaların güclənəcəyi proqnozlaşdırılır. Bu proses Yaxın Şərqdə, Şimali Afrikada, Şərqi Avropada, Cənubi Qafqazda, hətta Mərkəzi Asiyada müşahidə oluna bilər. Bayden hökuməti Rusiyanın Suriyada və Liviyadakı fəaliyyətindən narahatdır. Ona görə də SSRİ-nin ərəb coğrafiyasında vaxtilə sahib olduğu bu mövqelərdən Rusiyanın çıxarılması ABŞ-ın əsas hədfələrindən biridir. Rəsmi Vaşinqtonun Suriya böhranının həllində Türkiyə ilə işləmək istədiyini bəyan etməsi ABŞ-ın Rusiyanın və İranın iştirak etmədiyi yeni bir format üzərində düşündüyünü deməyə əsas verir. Artıq Bayden administrasiyasının Rusiyanın dəstək verdiyi Əsəd rejiminə qarşı təzyiqləri artıracağına dair məlumatlar ortaya çıxmaqdadır. Məqsəd isə Suriyada rejimi dəyişmək, Rusiyanı Yaxın Şərqdən uzaqlaşdırılmaqdır.
Şərqi Avropada qarşıdurmanın daha çox Ukrayna, Belarus istiqamətində özünü göstərəcəyi gözlənilir. Bu baxımdan, ABŞ-la Rusiya arasındakı “soyuq müharibə” özünü daha çox postsovet məkanında büruzə verə bilər. Belə ki, Ukraynanın Donbasda yaz aylarında hərbi əməliyyatlara başlayacağına dair xəbərlərin sayı hər gün artır. Hətta Ukrayna rəsmiləri də 2019-cu ildə Ali Rada tərəfindən qəbul olunmuş Donbasın azad edilməsi strategiyasını həyata keçirməyə hazırlaşdıqlarını gizlətmir. Təbii ki, rəsmi Kiyev Rusiya ilə savaşa girməyin kifayət qədər ağır olduğunu anlayır. Ancaq Ukrayna hakimiyyəti prezident Baydenin və Türkiyə də daxil olmaqla NATO-nun dəstəyinə ciddi ümid bəsləyir. Bu isə iqtisadi sanksiyalar altında əzilən Rusiyanın 2014-cü ildən fərqli olaraq, indi daha ağır müharibəyə cəlb edilməsi deməkdir.
ABŞ prezidentinin Şərqi Avropada Belarusdan Rusiyaya ikinci cəbhə açmaq niyyəti açıq hiss olunur. Lakin söhbət hərbi deyil, siyasi cəbhədən gedir. Baydenin Svetlana Tixanovskayanı Belarus prezidenti kimi Ağ Evə dəvət etməsi ABŞ-ın Lukeşenko rejiminin devrilməsi üçün hərəkətə keçdiyindən xəbər verir. Bayden Trampdan fərqli olaraq yaz aylarında Belarusda başlanacaq kütləvi etirazlara dəstək vermək istəyir. Çünki Qərbyönümlü Tixanovskayanın hakimiyyətə gəlməsi NATO üzvü olan Baltikyanı ölkələrlə ABŞ-ın təsir dairəsində olan Ukrayna arasında geosiyasi dəhliz rolu oynayan Belarusun Rusiyanın üzünə qapanması deməkdir. Rusiya neftinin “Drujba” kəməri ilə Avropanın emal müəssisələrinə daşındığı Belarus Kreml üçün strateji əhəmiyyət kəsb edir. Belarusda hakimiyyət dəyişikliyi Rusiyanın enerji dəhlizinin ABŞ-ın nəzarətinə keçməsi deməkdir. Eyni zamanda, bu ABŞ-a NATO-nun Polşada və Baltikyanı ölkələrdəki hərbi bazalarının təhlükəsizliyini təmin etmək üçün lazımdır.

Rusiya qoşunlarını çıxarmağa məcbur olacaqmı?

Rusiyanın Moldovadakı sülhməramlı qüvvələrinin Dnestryanı bölgədən çıxarılmasına da dəstək verməsi ABŞ prezidenti dəstək verməklə Şərqi Avropadan üçüncü cəbhə aça bilər. Moldova Prezidenti Maya Sandunun Rusiya qoşunlarının ölkədən çıxarılması tələbi ABŞ-ın maraqlarına cavab verir. Ona görə də Rusiyanın yaxın perspektivdə Avropa istiqamətində ciddi təzyiqlərlə üzləşəcəyini söyləmək olar.
Analoji proses Cənubi Qafqazda da gözlənilir. Bayden administrasiyası Gürcüstanın tezliklə NATO-ya qəbul olunmasında maraqlıdır. Son günlər Qara dənizdə NATO hərbi gəmilərinin Gürcüstanla birgə hərbi təlimlərə başlaması, eyni zamanda Brüsseldə Gürcüstan-NATO birgə komissiyasının iclasının keçirilməsi bu planın tezliklə reallaşacağını istisna etmir. Gürcüstanın alyansa daxil olması Cənubi Qafqazda geosiyasi və hərbi balansı ABŞ-ın xeyrinə dəyişə bilər. Artıq NATO üzvü olan Türkiyə Qarabağda təmsil olunur. Əgər əvvəllər Cənubi Qafqazda yeganə hərbi iştirakı olan dövlət Rusiya idisə, artıq Türkiyənin timsalında regionda ikinci dövlət var. Gürcüstanın NATO-ya üzv olması isə bölgədə hərbi və geosiyasi qüvvələr nisbətinin Rusiyanın əleyhinə dəyişməsi deməkdir. Bu isə NATO-nun və ABŞ-ın Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxışını asanlaşdıracaq. Eyni zamanda, ABŞ Gürcüstanın Poti limanında hərbi-dəniz donanması yerləşdirməklə Qara dənizdə geosiyasi mövqelərini gücləndirməyi hədəfləyir.
ABŞ-Rusiya qarşıdurması Ermənistandakı qaynar siyasi proseslərə təsirsiz ötüşməyəcək. İyun ayında keçiriləcək parlament seçkiləri ABŞ və Rusiyayönümlü qüvvələrin kəskin rəqabəti ilə müşahidə olunacaq. Baş nazir Nikol Paşinyanın qalib gəlmək şansı yüksəkdir. Onun, 2018-ci ildə olduğu kimi, 88 deputat mandatı qazana bilməsə də, koalision hökumət formalaşdırmaqla yenidən baş nazir seçilmək şansı yüksəkdir. Son rəy sorğuları əhalinin 47 faizinin Paşinyana inandığını göstərir. Onun əsas rəqibi sayılan Robet Köçəryanın isə reytinqi 22 faizdir. Üstəlik, Köçəryanın üzərində məhkumluq olduğuna görə, seçkidə iştirak imkanı yoxdur. Müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyanın da barəsində cinayət işi açılıb və yaxın günlərdə məhkəmənin onun barəsində həbs qərarı çıxaracağı gözlənilir. Beləliklə, Manukyan da prosesdən kənarlaşdırılacaq. Ona görə də sorosçuların Ermənistanda hakimiyyəti yenidən qazanmaq şansı yüksəkdir. Nikol Paşinyan seçkilərdə qalib gələrsə, Qərbin dəstəyini yenidən qazana bilər. Bu halda siyasi mövqeyini möhkəmlədən Paşinyanın Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını tələb edəcəyi ehtimalı da yüksəkdir.
Təbii ki, Cənubi Qafqazda güclənən bu geosiyasi qarşıdurma Qarabağ məsələsindən də yan keçə bilməz. Bayden administrasiyası Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinin əleyhinədir. Bu səbəbdən ABŞ cari ilin ortalarına qədər Rusiyanın regiondan sıxışdırılması üçün Gürcüstan və Ermənistan istiqamətindən siyasi həmlələri gücləndirəcək. Lakin Rusiya üçün həm Şərqi Avropada, həm Cənubi Qafqazda, eyni zamanda Yaxın Şərqdə savaşmaq asan deyil. Bu səbəbdən, Rusiya qoşunlarını bölgədən çıxartmaq üçün Azərbaycanın geosiyasi manevr imkanları genişlənə bilər. Bu haqda növbəti yazımızda.

M.VAHİDLİ, AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu