Qalmaqallı dairənin indiki və keçmiş deputatı üz-üzə gəldi
Milli Məclisin deputatı Etibar Əliyev bir neçə gündür sosial şəbəkələrdə onunla bağlı yazılan tənqidləri kampaniya adlandırıb və başında eks-deputat Fərəc Quliyevin oğlu Mətin Quliyevin dayandığını iddia edib.
E.Əliyevin bu qənaətə gəlməsi heç də bu günlə bağlı məsələ deyil. Belə ki, 2020-ci ildə parlamentə keçirilən növbədənkənar seçkilərdə Mətin Quliyevin atası Fərəc Quliyevlə Etibar Əliyev 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd idi. Onların bu seçkidə digər rəqibi isə tanınmış blogger Mehman Hüseynov idi. Ancaq seçki kampaniyası ərəfəsində M. Hüseynovla görüşən F. Quliyev namizədliyini geri götürmək üçün rəqibinə 10-15 min manat məbləğində pul təklif etmişdi. M. Hüseynovun bununla bağlı ictimailəşdirdiyi səsyazısı isə ölkədə ciddi rezonans doğurmuşdu. Eks-deputat sonradan məsələyə aydınlıq gətirərək bunu bloggerin müalicə xərcləri üçün təklif etdiyini açıqlamışdı.
Rüşvətlə bağlı qalmaqalın işıqlandırılmasından sonra demək olar ki, MDHP sədrinin seçkini qazanmaq şansları minumuma enmişdi. Bu zaman dairədən namizədliyini vermiş təhsil eksperti Etibar Əliyevin şansları artmışdı. Hətta kampaniya dövründə E. Əliyev də rüşvət qalmaqalına görə F. Quliyevdən MSK-ya da şikayət etmişdi. O, şikayətində rəqibinin əməlində ciddi qanun pozuntusu, hətta bəlkə cinayət tərkibinin də olduğunu bildirmişdi.
Bu günlərdə isə deputat hərbçilərin maaşının azaldılmasıyla bağlı məsələdə ona qarşı aparılan söyüş kampaniyasının başında eks-rəqibi F. Quliyevin oğlu Mətin Quliyevin dayandığını və məsələnin öz təsdiqini tapdığını vurğulayıb. O, əlində kifayət qədər sübutlarının olduğunu və hüquq-mühafizə orqanlarına müraciət hazırladığını bəyan edib: “Mətin Quliyev mənim adımdan facebookda paylaşılan və mənim işlətmədiyim ifadələri məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb. Nəticədə ünvanıma təhqir, küçə söyüşləri yazılıb. Mətin Quliyevin paylaşdığı qara piar elementləri nədən ilk olaraq “Azadlıq” qəzetinin facebook səhifəsində yer tapır? Qeyd edim ki, gün ərzində böhtan xarakterli bir neçə eyni məzmunda materiallar paylaşılır. Daha sonra eyni adamlar həmin paylaşımların altından ən əxlaqsız söyüş və təhqirləri yazırlar”.
Fərəc Quliyev də bu ittihamlara cavabsız qalmayıb. O pravda.az saytına açıqlamasında bildirib ki, Etibar Əliyevin sübutları varsa, məhkəməyə müraciət etsin: “Etibar Əliyevin açıqlamasının hansısa əsası varmı? Niyə düşünür ki, mənim oğlum feyk profillə onu təhqir edir? Əgər qeyd etdiyi kimi, əlində kifayət qədər sübutları varsa, məhkəməyə versin” – deyə F.Quliyev bildirib.
Qeyd edək ki, E. Əliyevə qarşı aparılan kampaniyada əsas məqam kimi onu hərbçilərin maaşının azaldılmasına müsbət baxdığını qeyd edirlər. Deputat isə nə özünün, nə də həmkarlarının hərbçilərin maaşının azaldılması haqqında bir cümlə belə işlətmədiyini vurğulayır.(Qafqazinfo)