Bakı yollarının yeni bəlası, yeni tıxac mənbəyi: Avtobus zolaqları-ŞƏRH


"Vaxtilə məmurlar yolları satıblar, yol kənarları zəbt olunub. Qanunsuz tikililər, obyektlər, binalar tikilib. Bu gün də aidiyyatı dövlət qurumları yolun genişləndirilməsinə nə qədər çalışsalar da, nail ola bilmirlər”.



Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, Bakıda avtobus zolaqlarının yaradılması atılan yeni addımlardan biridir, yol hərəkəti təhlükəsizliyi baxımından yenilikdir: "Ümid edirik ki, sürücülər buna tədricən öyrəşəcək və məsələ həllini tapacaq. Həqiqətən də Bakı şəhərində yol təsərrüfatı o qədər də ürəkaçan deyil. Yollarımızda çox ciddi problemlər var. Bu problemlərdən də ən böyüyü yolların darısqal olmasıdır. Burada obyektiv və subyektiv səbəblər də var. Bu səbəblər bizi ciddi narahat edir. Narahatçılığın da əsas səbəbi yolların genişləndirilməsi zərurəti ortaya çıxsa da, bu gün onun üçün əlverişli imkan yoxdur. Çünki imkan və şərait yoxdur. Bunun fonunda da darısqal yollarımıza avtobus zolaqları çəkiləndə istər-istəməz müəyyən narahatlıqlar yaranır. Bunun hansı formada tənzimlənməsi sual altındadır”.

Elməddin Muradlı qeyd edib ki, ümid Bakı şəhərinin yeni Baş planınadır: "Baş planda yeni yolların çəkilməsi, şəhərdaxili və ətrafı yolların çəkilməsi nəzərdə tutulur ki, bu da müəyyən qədər yolların genişlənməsinə, yeni yol şəbəkəsinin qurulmasına gətirib çıxardacaq. Müəyyən irəlləyişlərin əldə olunacağı gözlənilir. Ancaq bu, nə vaxt və hansı formada baş tutacaq, sual altındadır. Düşünürəm ki, yolların ciddi şəkildə qorunmasına ehtiyac var. Vaxtı ilə səhlənkarlıq edib bəzi məmurlar yolun sağ-solunu satıblar, obyektlər tikilib. Bu gün həmin obyektlər vaxti ilə 50-100- 200 min manata hansısa məmurun acgözlüyü nəticəsində satılıbsa, bu gün dövlət həmin obyektləri söküb, yolu genişləndirməyə çalışsa, milyonlarla vəsait xərclənəcək. Həmin vəsaiti bu gün tapmaq o qədər də asan deyil. Vətəndaş deyir "pulumu verib obyektimi tikmişəm. Mənə dəyən ziyan ödənilsin, mən də buradan köçüm”. Bu səbəbdən məsələ qəlizdir. Problemləri qısa müddətdə həll eləmək asan deyil. Zamana ehtiyac var. Bunun qarşısı alınmalıdır. Qarşısı alınmasa, belə fəsadlar ortaya çıxacaq”.

Elməddin Muradlı bildirib ki, avtobus dayanacaqları ilə bağlı dünyanın bir çox ölkələrində yeni sistem qurulur: "Orada yol təsərrüfatları üçün bu şərait var. Amma bizdə hələ ki, şərait olmadığından problem də bundan qaynaqlanır. Həqiqətən də sürücülər narahatdır. Bir avtobus 3-5 dəqiqədən bir hansısa yoldan keçir. Onun həmin yoldan keçməsi üçün zolaq çəkilib. Həmin zolağa başqa avtomobillərin girməsi qadağanıdır. 3-5 dəqiqədən bir avtobusun keçməsi müddətində hesablasaq, həmin vaxt yüzlərlə maşın ordan keçə bilir”.

Elməddin Muradlı yeni parkların yaradılmasının arzulanan olduğunu hesab edir: "Bu barədə dəfələrlə təkilflər vermişik. Amma gəlin görək yer və şərait varmı? Problem elə bunun üzərindədir. Şəraitin nə vaxtsa mövcud olacağı çətindir. Tikən tikib, zəbt edən də edib. Yerdə qalansa bizim üzləşdiyimiz problemlərdir. Bunun da həlli qısa müddətdə mümkün deyil. Düşünürəm ki, zolaqlarla bağlı insanları nəzərə almaq lazımdır. Günün müxtəlif saatlarında zolağa daxil olan insanları anlayışla qarşılamaq lazımdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu