Deputat Bakı küçələrindəki zolaqlardan narazıdır


Bu gün Bakıda problemlərin yaranmasında əsas məsələ yollardakı zolaqların sayı ilə bağlıdır.


Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, Bakıda bir çox prospekt və yolların başlanğıcında zolaqlar çox olsa da, yekunda bu say bir neçə dəfə azalır. “Məsələn, 6, 5, 4 zolaqlı yol, iki zolaqlıya çevrilir ki, bu da yollarda tıxacların yaranmasına gətirib çıxarır. Ona görə də bugünkü tıxacların yaranmasının əsas səbəblərindən biri budur”, - o qeyd edib.

Deputat əlavə edib ki, digər məsələ zolağın və yolun eni ilə bağlıdır. “Bizdə yollardakı zolaqlar bir maşın üçün deyil, 1,5 maşın üçün nəzərdə tutulub. Ona görə də ikizolaqlı yollarda çox vaxt 3 maşının hərəkətinin şahidi oluruq. Biz yolların eni və zolaqların eni ilə bağlı standartlara baxsaq, problemi müəyyən qədər aradan qaldırmış olarıq. Çünki yolun eni və neçə zolaqlıdırsa, həmin qaydada sonadək davam etməlidir. Bu zaman tıxac yaranmaz”, - deputat bildirib.

Deputat həmçinin problemin digər yolla həllini şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verilməsində görür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu