Qaralovun vaxtında bəyanat vermişdilər ki, qatili tapmışıq, bəs hanı? –


"Biz bu qərarla razılaşmırıq. Ona görə də apellyasiya şikayəti verdik”.

Bunu Qaynarinfo-ya açıqlamasında 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham edilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev Baş prokuror Kamran Əliyevin sözügedən istintaq prosesi ilə bağlı aparılan prosesin daha 4 ay uzadılması ilə bağlı məhkəməyə müraciətindən danışarkən deyib. Onun sözlərinə görə, 13 aydır istintaq getsə də, ortada heç bir sübut yoxdur:

"Bu səbəbdən işi məhkəməyə göndərə bilmirlər. Çarəni vaxtı uzatmaqda görürlər. Təqsirləndirilən şəxs 13 aydan artıq həbsdə saxlanıla bilməz. İstisna hal var ki, əgər təqsirləndirilən şəxslərin sayı çoxdursa, iş materiallarının həcmi böyükdürsə, bu halda Baş prokurorun təqdimatı ilə vaxt 6 ay uzadıla bilər. Prokurorluq da onu əsas götürərək vaxtın 4 ay uzadılmasını xahiş edib. Məhkəmə də müsbət cavab verib. Amma biz onunla razlaşmadıq. Çünki qanunda nəzərdə tutulan hallar mövcud deyil. Təqsirləndirilən şəxs bir nəfərdir. Bu səbəbdən də apellyasiya şikayəti verdik”.

Əlibaba Rzayev qeyd edib ki, İlkin Süleymanov bu işdə təqsirli bilinsəydi, ortada sübutlar olsaydı, işi əsaslandırıb məhkəməyə göndərməyə 4-5 ay müddət kifayət idi:

"Burada mürəkkəb iş yoxdur. 2020-ci ilin yanvar ayında sabiq Baş prokuror Zakir Qaralovun rəhbərliyi zamanı bəyanat vermişdilər ki, cinayətkarı tapmışıq. Yaxşı bəs hanı?"

Qeyd edək ki, Baş prokuror Kamran Əliyev ötən il yanvarın 6-da küçədə yanmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı aparılan istintaq üçün məhkəməyə müraciət edib və istintaq müddəti uzadılıb.

2019-cu ilin noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilərək yandırılıb. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu