Adnan Oktara 1000 il həbs cəzası verildi
Türkiyədə “Harun Yəhya” ləqəbi ilə tanınan, təcavüz, fırıldaqçılıq və başqa cinayətlərdə ittiham olunan Adnan Oktar barəsində qərar çıxıb.
AFN xəbər verir ki, İstanbul 30-cu Ağır Cəza Məhkəməsinin qərarı ilə Adnan Oktar 1000 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Adnan Oktara qarşı 2018-ci ildə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən əməliyyat təşkil olunmuşdu. Əməliyyat zamanı Adnan Oktar da daxil olmaqla 175 nəfər həbs edilmişdi.
Ona qarşı cinayət törətmək məqsədilə təşkilat qurulması, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, uşaqların qaçırılması və saxlanılması, şantaj, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismarı kimi 30 ayrı maddə üzrə cinayət işi açılmışdı.