Ötən il 1 038 qadın məişət zorakılığı cinayətindən zərər çəkib
2019-cu ildə məişət zorakılığı ilə bağlı 1 308 cinayət törədilib.
“Report” xəbər verir ki, bu barədə Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə dinləniləcək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında qeyd edilib.
Məlumatda qeyd edilir ki, bu cinayətlər üzrə 1 358 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Onlardan 1 nəfəri hamilə qadın, 12 nəfəri isə yetkinlik yaşına çatmayan qız olub.
“Qeydə alnmış məişət zorakılığı əsasən fiziki zorakılıqla bağlı olur. Lakin sosioloji araşdırmalar göstərir ki, məişət zorakılığının ən geniş yayılmış forması psixoloji və iqtisadi xarakterli zorakılıqdır. Ailədə baş verən zorakılıq haqqında vəziyyətin ən son həddində polis orqanlarına məlumat verilir. Bir çox hallarda isə bu barədə uzun müddət informasiya verilmədiyindən zorakılığın ağır nəticələri ilə müşahidə olunan cinayətlər baş verir”, – məlumatda qeyd edilir.