Müdafiə Nazirliyi maraqlanmadı - 70 gündən sonra nəşi tapılan şəhidin qardaşının AÇIQLAMASI


İctimai fəal, sosial məsələlər üzrə ekspert Elyar Vəliyev qardaşı Vüsal Vəliyevin itkin düşməsi və şəhid olması ilə bağlı sosial şəbəkə hesabından mətbuat üçün açıqlama verib. AFN həmin açıqlamanı olduğu kimi təqdim edir:



Mən digər şəhid ailələri kimi susmayacam. Həqiqətləri yazıb xalqa və ölkə başçısına çatdıracam.

Şəhid qardaşım mayor Vəliyev Vüsal 70 gün itkin oldu, 50 gün əvvəl (9 noyabr Şuşa) şəhid olduğu deyildi, 14 gündür dəfn edilib.
Bu müddət ərzində nə Müdafiə Nazirliyindən, nə də xidmət etdiyi Göygöl rayonu Toğana qəsəbəsində yerləşən hərbi hissədən bir dəfə də olsa ailəmizə zəng edib maraqlanan, başsağlığı verən olmadı. Halbuki qardaşım orduda canını qoyan zabitlərdən olub, həmişə də səngərdə xidmət etmişdi.

Mənim 70 gün ərzində etdiyim zənglərə, yazdığım məktublara, vurduğum teleqramlara cavab verilmədi. Dəfələrlə itkin ailələri ilə birlikdə Müdafiə Nazirliyinə toplaşıb getdik. Bizi dinləyən, qəbul edən, suallarımıza cavab verən olmadı. Çünki Müdafiə Nazirliyində qanı təmiz, əsl azərbaycanlı, vətənpərvər, milli qeyrəti olan, vicdanlı məmur çox azdır. Əsas yüksək vəzifələrə rus agentləri, rüşvətxor, bacarıqsız və vicdansızlar yerləşdirilib.
Müdafiə Nazirliyi sıfırlanıb yenidən formalaşmalıdır.

İtkin düşən hərbçilərin maaşı 2 oktyabrdan tam kəsilmişdi, kirayədə yaşayan ailələri, uşaqları ehtiyac içərisində qalmışdı. Baş prokrorla görüşümüzdə bu hadisəni danışdım və dekabr ayından kəsilən maaşlar bərpa olundu. Amma Müdafiə Nazirliyi maaşla bağlı dəfələrlə edilən müraciətlərə heç bir cavab verməmişdi.

Bəzi hərbi hissələrin komandirləri hərbi hissələrə verilən təminat və təchizatdan mənimədikləri pullarla özünə mülklər, fermalar tikdirib. Hətta müharibə dövrü əsgərə göndərilən yardımlardan da mənimsənildi. Amma bunu araşdıran yoxdur.

Müdafiə Nazirliyinin, korpus və hərbi hissə komandirlərinin fəaliyyəti yoxlansa milyardlarla manat yeyinti, qanunsuzluq, rüşvətxorluq ortaya çıxacaq. Bu əməllər həm də vətənə, dövlətə, xalqa xəyanətdir. Təkcə müharibə zamanı Murovda baş verən hadisələr ədalətli və şəffaf şəkildə araşdırılsa, orduya, dövlətə xəyanət edən böyük bir şəbəkə ortaya çıxacaq.

Müdafiə naziri olacaq ən layiqli şəxs Mais Bərxudarovdur. Bir neçə dəfə yaralansa da, döyüş meydanını tərk etmədi, müharibənin sonuna qədər döyüşdü.

Ümid edirəm ki, müharibədən sonra ordudakı rüşvət aradan qaldırılacaq, orduya ayrılan təminat mənimsənilməyəcək, hər kəsin övladı xidmət zamanı eynihüquqlu olacaq, məmur balaları da hərbi xidmətə cəlb ediləcək.

Səfərbərlik xidmətlərinin qismən səfərbərlik zamanı evin tək övladlarını, bir ailədən bir neçə oğulun müharibəyə aparması məsələsi də ciddi araşdırılmalıdır.

... Və sonda qeyd edim ki, heç bir məmurun şəhid ailələri qarşısında dayanıb onların gözünün içinə dik baxmağa haqqı yoxdur, çünki müharibə başlayan kimi övladlarını korona adıyla ya da xaricə göndərməklə müharibədən gizlətdilər...




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu