ÜST-dən COViD-19-un yeni növü ilə bağlı açıqlama
Koronavirusun yeni növünün kəskinlik, antikor reaksiyası və ya peyvəndin effektivliyində dəyişiklik yaradıb-yaratmayacağına dair indiyə qədər heç bir dəlil yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Birləşmiş Krallığın yerli səlahiyyətli qurumları virusun SARS-CoV-2 növü haqqında Ümumdünya Səhiyyə Təşkilatına məlumat bildiriblər. Orada bu yeni növ virusa 1400-dən artıq yoluxma faktı aşkar edilib və bu hallara ilk dəfə sentyabr ayının ortalarında rast gəlinib. Virusun bu növü özündə bir sıra genetik dəyişiklikləri ehtiva edir və əsasən Londan daxil olmaqla İngiltərənin cənub və şərqində qeydə alınıb.
Nümayəndəlikdən qeyd edilib ki, Birləşmiş Krallıq tərəfindən aparılmış ilkin epidemioloji analizlər və modelləşdirmə bu yeni SARS-CoV-2 növünün ötürülmə qabiliyyətində bir dəyişiklik ola biləcəyini və S gen hədəfini istifadə edən diaqnostik testlərdə performansın azaldığını göstərir. Birləşmiş Krallıq ilkin tapıntıları təsdiqləmək və bu yeni ştam haqqında anlayışı genişləndirmək üçün əlavə araşdırmalar aparır:
"ÜST bu xüsusi mutasiyaları anlamaq və virusun ötürücülüyünün artması, COVID-19-un diaqnostika sistemlərinə potensial təsiri və xəstəliyin kəskinliyi baxımından virusun funksiyasındakı hər hansı dəyişikliyi araşdırmaq üçün əlavə viroloji tədqiqatların aparılmasını tövsiyə edir. Virusun bu növü üzərində xüsusi araşdırma aparmağımızın səbəbi onun bir neçə mutasiya birləşməsinə malik olması və insanlar arasında daha asan yayıla biləcəyinə dair ilkin əlamətlərdir.
Viruslar sirkulyasiya etdikcə dəyişir və bu, virusun xüsusiyyətlərində dəyişikliklərə səbəb ola bilər. Onun yayılma mənbəyini dayandırmaq vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı test, izolyasiya və müalicə, təmasın izlənməsi, o cümlədən təmasda olmuş şəxslər üçün karantin və əl gigiyenası, fiziki məsafə saxlanılması, qapalı məkanların havalandırılması və lazım olduqda maskadan istifadə kimi fərdi qoruyucu tədbirlər də daxil olmaqla bütün əsas ictimai səhiyyə və sosial tədbirlərin davam etdirilməsini tövsiyə edir. Nə qədər çox insana peyvənd vurularsa, virusun sirkulyasiyası bir o qədər azalacaq. Bununla yanaşı, yeni mutasiyalar və növlərin yaranması üçün də potensial azalacaq.
Unutmayaq ki, COVID-19 artıq ölümcül bir xəstəlikdir və onun yayılmasına nəzarət etmək üçün hər bir addım atılmalıdır".