Zeynab Kazımovanın "Anamın "Karvan"ı" adlı kitabı çap olunub
Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Azərbaycanın yeganə fransızdilli "Le Carrefour" (Yol qovşağı) qəzetinin təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zeynab Kazımovanın "Anamın "Karvan"i" adlı kitabı işıq üzü görüb.
Kitabın redaktoru və ön sözün müəllifi tanınmış yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məti Osmanoğludur.
Kitabda müəllifin müxtəlif dövrlərdə çoxsaylı media orqanlarında nəşr olunmuş publisistik yazıları, esse, portret janrında məqalələri, köşə yazıları, hekayələri, o cümlədən şeirləri toplanıb.
Kitabda jurnalistin milli vətənpərvərlik ruhunda yazılmış "Vətən", "Şəhidim", ermənilərin əsrlərlə xalqımıza qarşı apardığı xain, işğalçı, cinayətkar əməllərini təsvir edən "Onun adı Xocalıymış" şeirləri, "Yeddi kəndin narahat ruhları", "Erməni sifəti", "Erməni məntiqi", ""Dolu"ya düşmək", "Müharibə uşaqları: Tərtərdə bir gün" publisistik məqalələri, Qərbi Azərbaycan torpaqları olan indiki Ermənistandan azərbaycanlıların zorla köçürülməsinə, bu prosesin öz dədə-baba yurdlarından qovulan insanların həyatında dərin yaralar açmasını əks etdirən "Dərəçiçəkli oğlan - mənim qəhrəmanım" və digər portret yazıları, cəfakeş müəllim əməyini, pedaqoji işin müqəddəsliyini təsvir edən "Müəllim olmaq", "Fəridə müəllimənin qəzeti - "Azərbaycan müəllimi" və digər bir sıra ictimai-siyasi, sosial, mədəni və s. mövzularda yazdığı müəllif yazıları toplanıb