"Altılıq Platforması" və Cənubi Qafqazda sabitlik


"Altılıq Platforması" bölgəmizdə sabitlik və əməkdaşlıq üçün yeni fürsət ola bilər


Qarabağ müharibəsinin yekunu ilə əlaqədar yaranan yeni status-quo`nun məntiqindən irəli gələn bölgəmizdə yeni əməkdaşlıq platforması ("Altı-tərəfli əməkdaşlıq") barədə Azərbaycan-Türkiyə təşəbbüsü ortadadır. Azərbaycan və Türkiyə liderlərinin bu təşəbbüsü və Rusiyanın bunu dəstəkləməsi Erdoğanın söylədiyinə görə Vladimir Putin də buna müsbət yanaşır) regionda yeni əməkdaşlıq və (qismən) təhlükəsizlik formatının əsasını qoya bilər. İrəli sürülən təşəbbüs təbii ki, yeni deyil, hələ 2008-ci il Rusya-Gürcüstan müharibəsinin gedişində Ərdoğan "Qafqazda sabitlik və əməkdaşlıq platforması" təşəbbüsü ilə çıxış etmişdir, amma o zaman Türkiyə indiki qədər güclü deyildi, Rusiya (bunu açıq dilə gətirməsələr də) türkləri öz çəkilərinə uyğun partnyor kimi qəbul etmir və bölgəyə buraxmaq istəmirdi. Qərb (ABŞ və Avropa Birliyi) isə Cənubi Qafqazda indikindən daha aktiv siyasət aparırdılar. Bu təşəbbüsə həmin zaman isti yanaşan tək Azərbaycan və İran oldu. Azərbaycanın motivi aydın idi, İran isə bu təşəbbüsü sırf bölgəyə kənər oyunçuların cəlb olunmamasına görə dəstəkləmişdi. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi, bütövlükdə yeni vəziyyət yaratdı və 2020-ci il reallıqları 2008-ci ilə görə xeyli dəyişdirdi.

"Altıtərəfli əməkdaşlıq" təşəbbüsü hələ bir ideyadır və ölkələrin istəkləri, gözləntiləri və hazırlıqlarına görə məzmunla doldurula bilər, amma bir şey məlumdur ki, artıq prosesə neqativ yanaşan yoxdur.

- Türkiyə bu təşəbbüslə Qafqazda mövcudluğunun qəbul edilməsinə nail olur;

- Rusiya siyasi/hərbi mövcudluğunu qoruyur, üstəgəl bölgəyə Qərbin müdaxiləsini neytrallaşdıra bilər;

- İranın bölgədəki maraqlarının olduğu tanınır və onula ideoloji/hərbi qarşıdurmada olan Qərbin (ABŞ və onun müttəfiqlərinin) Qafqazdakı təsiri azalır;

- Gürcüstan Rusiya ilə münasibətlərin yeni (birbaşa olmayan) formatının yaradılması ilə iqtisadi və təhlükəsizlik dialoqu üçün əlavə vasitə əldə edə biləcək;

- Ermənistan məğlubiyyət sindromunu atmaq, kommunikasiya blokadasından çıxaraq iqtisadiyyatı üçün yeni şanslar əldə etmək fürsətini qazana bilər;

- Azərbaycan isə yeni reallıqdan istifadə edərək ölkənin təhlükəsizlik problemlərini həll edib, iqtisadi və siyasi inkişaf etdirə biləcək.



Anar İbrahimov



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu