Prezident: Hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyi erməni tərəfindən asılıdır


Biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır. Artıq dediyim kimi, onların bizim torpaqlarımızı yenidən işğal altına qaytarmaq üçün göstərdiyi daimi cəhdlər fiaskoya uğrayıb. Düşünürəm ki, onların hərbi yolla heç nəyə nail olmayacaqlarını anlamaları üçün bu, kifayətdir.



AFN xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın İnterfaks agentliyinə müsahibəsində hərbi qarşıdurmanın nə qədər davam edəcəyi barədə suala cavabında səsləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozmaqla siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir.

“Bunu nəzərə alaraq biz, əlbəttə, gələcək fəaliyyətimizi planlaşdıracağıq. İşğal edilmiş ərazilər məsələsinə gəldikdə, şübhəsiz, azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Mənim yanaşmam həmişə belə olub. Azərbaycanlılar təkcə Dağlıq Qarabağın hüdudlarından kənarda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar - ilk növbədə, Şuşaya, Xankəndiyə və azərbaycanlıların əsrlərboyu məskunlaşdığı digər torpaqlara”, - deyə Prezident əlavə edib.

Qarabağın gələcəyini necə təsəvvür etdiyi barədə danışan Azərbaycan Prezidenti deyib ki, azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Erməni əhali də həmin torpaqda mehriban qonşuluq şəraitində yaşamalıdır. Biz müharibənin vurduğu yaraları sağaltmağa çalışacağıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu