Ordumuzu “Kabinetim” tətbiqindən dəstəkləmək imkanı


Artıq Azercell-in mobil tətbiqi ilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək mümkün oldu




Bütün vətəndaşlarımızın ürəyinin Qarabağda döyündüyü indiki dönəmdə hər bir Azərbaycanlı rəşadətli Ordumuza yardım etmək arzusu ilə yaşayır. Azərbaycan dövləti tərəfindən Silahlı Qüvvələrin təchizatı yüksək səviyyədə təmin olunsa da, Orduya dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürənlərin sayı durmadan artır. İşindən və peşəsindən, fəaliyyət sahəsindən asılı olmayaraq hər kəs cəbhədə döyüşən qəhrəman əsgərlərimizlə həmrəyliyini nümayiş etdirir.
Azercell şirkəti də öz abunəçilərinə Silahlı Qüvvələrə Yardım Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanını yaradır. Azercell-in “Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7 rejimində Fonda vəsait köçürmək mümkündür. Bunun üçün sadəcə “Kabinetim” tətbiqini işə salmaq və ”Mobil Ödəmə” bölməsindən “Orduya ianə” əməliyyatını seçməklə ödəmə aparmaq kifayətdir. Mobil tətbiq vasitəsilə ianə etmək üçün kredit kartına ehtiyac yoxdur, nömrə balansında minimum 3 AZN olması yetərlidir. Birdəfəlik maksimal ianə məbləği 50 AZN, aylıq limit isə 500 AZN təşkil edir.
Qeyd edək ki, abunəçilərin gündəlik iş və məişət proseslərini daha rahat etmək və onlara ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə yaradılmış “Kabinetim” mobil tətbiqi müəyyən ödəmələr aparmaqla yanaşı, nömrəyə tam nəzarət etmək imkanını verir. Bu tətbiq balansı nəzarətdə saxlayıb artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək, eləcə də, məişət və kommunal ödənişlərini həyata keçirmək kimi imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri də odur ki, tətbiqdən istifadə zamanı meqabaytlar xərclənmir.

Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür. Əgər tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.

Xatırladaq ki, Azercell şirkətinin özü də ölkəmizin tarixi üçün taleyüklü bu dövrdə Milli Ordumuza dəstəyini əsirgəməyib. Belə ki, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürülüb.

Bundan əlavə, ölkənin əsas rabitə təminatçısı “Azercell Telekom” döyüş bölgəsində olan, informasiya müharibəsində savaşan media təmsilçilərini də unutmayıb. Belə ki, hazırda cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına Azercell tərəfindən 100 AZN köçürülüb.

Azercell şanlı Azərbaycan Ordusunun zəfər yürüşünün böyük və möhtəşəm qələbə ilə başa çatacağına əmindir.

Qarabağ Azərbaycandır!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu