Hövsan Yaşayış Kompleksindən hərbi qulluqçulara 803 mənzil ayrılıb
Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti dövlət sifarişinin reallaşdırılmasına başlayıb.
Bu barədə AFN-ə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, dövlət başçısının “Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən MİDA-nın Hövsan Yaşayış Kompleksindəki 2 962 mənzilindən 803-ü hərbi qulluqçular üçün ayrılıb. Həmin mənzillərdən 8-i 1 otaqlı, 22-si 2 otaqlı, 472-si 3 otaqlı, 301-i isə 4 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin edilib.
MİDA indiyə qədər dövlət sifarişi əsasında Yasamal Yaşayış Kompleksindən 21 mənzil, Hövsan Yaşayış Kompleksindən isə ümumilikdə 1 112 mənzil ayırıb.