Bağlanmış bankların əmanətçiləri pullarını geri ala bilmirlər – ADİF isə susur
NOCOMMENT.az xəbər verir ki, bir qrup bağlanmış banklarda əmanətləri olub, geri ala bilməyən vətəndaşlar bu işdə Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADİF) müraciət etsələr də müsbət cavab ala bilməyiblər.
AG Banka şəxsi vəsitini qoyub, sonradan baş verən Mərkəzi Bankın müvafiq qərarı ilə bağlı depozitini geri ala bilməyən vətəndaş çıxılmaz vəziyyətdə qaldığını bildirib:
“Hörmətli redaksiya!
Sizə yazmaqda məqsədim odur ki, mənim kimi yüzlərlə əmanətçinin köməyə, eşidilməyə ehtiyacı var.
Mən, AG Bankın 2020-ci ilin mart ayından əmanətçisiyəm və mənim əmanətlərin ADİF tərəfindən bloka salınıb. Bu günə qədər səbəbi mənə izah etməyiblər. ADİF bildirir ki, 2017-ci ildən bankın vətəndaşlardan əmanət qəbuluna qadağa qoyulub.
Bunu sadə vətəndaşlar necə bilməli idi? Bu xəbər heç bir mətbuatda yayımlanmadığı halda biz bunu necə bilərdik?
Ötən 3 il ərzində MB xəbəri yox idi AG Bank necə “yaşayır”? Hər il auditorlar bankları yoxlayır, xəbərləri olmamış olmazdılar.
NBCbank, AtaBank, AmrahBank və AGBank əmanətçiləri özlərinin əmanətlərini geri ala bilmirlər.
Biz ölkədəki iqtisadi stabilliyə, MB-a, ADİF-ə inanaraq öz zəhmətimizlə qazandığımız pulları banklara qoyduq. İndi isə geri ala bilmirik.
Əmanətləri yalnız blokda olanlar deyil, banklarda kredit olanların, zamin duranların, miqrasiya problemləri olanların da əmanətlərinin alınmasında problemlər yaranır.
Pandemiya zamanı bir çox vətəndaşların işlərini itirən bir zamanda öz pullarına ehtiyacları olduğu bir zamanda ADİF vaxt uzatmaqla məşğuldur”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.