Ekspert: “Fərqlənmə nişanının alınma qaydasını bir az da sadələşdirmək olar”




Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi layihəsi çərçivəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarının alması üçün onlayn müraciət platforması hazırlanıb.



Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sfera.az saytına verdiyi açıqlamada belə bir platformanın hazırlanmasını müsbət qiymətləndirdiyini bildirib:

"Bu platformanın yaradılması müasir texnologiyalardan istifadə etməklə insanların rahatlığının operativ təminatı üçün atılan bir addımdır. Bu addımı müsbət qiymətləndirirəm. Fərqlənmə nişanlarının verilməsi uzun müddətdir müzakirələrə səbəb olurdu və prosesi həll etmək üçün vətəndaşların çox əziyyət çəkməsi, vaxt itirməsi ilə bağlı böyük narazılıqlar var idi. Ortaya başqa bir problem də çıxırdı ki, bu da taksi sürücülərinin məsələyə qanundan kənar yanaşması idi. Onlar fərqlənmə nişanı olmadan fəaliyyət göstərməyə üstünlük verirdilər. Birinci sərt karantin rejimi tətbiq ediləndə həmin sürücülərin əksəriyyəti işə çıxa bilmədi. Çünki yalnız fərqlənmə nişanı olan şəxslər işə çıxa bilirdi. Daha sonra BNA fərqlənmə nişanlarını taksi şirkətlərinə verdi. Onlar da əməkdaşlıq etdikləri sürücülərə bu nişanları payladılar. Bu da öz effektini göstərmədi. Çünki o şirkətlər də bəzən neqativ əməllərə yol verirdilər. Bəzən taksi sürücüsü fərqlənmə nişanını aldığını bildirsə də, sistemdə belə bir qeydiyyatın olmadığı məlum olurdu və həmin sürücüyə cərimə tətbiq edilirdi. BNA-nın indi müsbət bir addım atır. İnsanlara şərait yaradılır ki, müasir texnologiyaların imkanlarından geniş istifadə etsinlər, onlayn qaydada müraciət edib fərqlənmə nişanı alsınlar".

Ekspert qeyd edib ki, fərqlənmə nişanının alınma qaydası bir az da sadələşdirilsə daha yaxşı olar:

"Düşünürəm ki, sonradan gedib fərqlənmə nişanını götürmək məsələsini də həll etsələr daha yaxşı olar. Yəni onlayn qeydiyyatdan keçəndən sonra artıq BNA sistemdə bunu görür və məlumat dərhal Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat sisteminə inteqrasiya olunur. Beləliklə həmin sürücü artıq fərqlənmə nişanı almış sayılır. Dünyanın bir çox ölkələrində təcrübə təxminən bu cürdür. Artıq kağız vərəqə almağa ehtiyac qalmır. Yəni bu prosesi bir az da sadələşdirmək olar. Eyni zamanda, sürücüləri də məsuliyyətli olmağa çağırıram. Çünki karantin dövrü yumşaldılmağa doğru gedəndə sürücülər yenə də məsuliyyətsizlik edərək fərqlənmə nişanı almadılar. İkinci sərt karantin dövrü başlayanda məlum oldu ki, sürücülər bu səhvi yenə təkrar edirlər. Sürücülər taksi fəaliyyətini bir peşə kimi seçirlərsə, buna uyğun davranmalı, qaydaları pozmamalıdırlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu