Pensiya təminatı sistemində dəyişiklik edilir - RƏSMİ
Sosial təminat sistemində aparılan islahatların mühüm bir istiqaməti bu sistemin, xüsusilə pensiya təminatı sisteminin təkmil və həssas qruplara münasibətdə daha humanist yanaşmalar üzərində qurulması, eyni zamanda bu sahədə proaktiv xidmətlərin dairəsinin genişləndirilməsidir.
AFN xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pensiya, müavinət və təqaüd məsələləri ilə bağlı işçi qrupunun videokonfrans formatında keçirilən iclasında bildirib.
Nazir qeyd edib ki, hazırda pensiya təminatı sistemində bir çox mühüm dəyişiklikləri əks etdirən layihə hazırlanır.
Nazir diqqətə çatdırıb ki, sosial təminat növləri üzrə yeni e-təyinat sistemlərinin hazırlanması prosesi də davam edir. Bu ilin sonunadək daha 3 təqaüd və 3 müavinət növünün elektronlaşdırılması nəzərdə tutulub. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə pensiya təyinatının elektronlaşdırılması istiqamətində işlər aparılır. Bununla bağlı məlumat vərəqələrinin elektron forması hazırlanaraq test edilib. Ümumən, əsas hədəf budur ki, sosial təminat sahəsində proaktiv xidmətlərin əhatə dairəsi getdikcə genişlənsin.
İclasda sosial təminat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər, yeni e-təyinat sistemlərinin yaradılması, ölkənin pensiya təminatı sisteminin uzunmüddətli inkişaf strategiyasının (yol xəritəsi) hazırlanması, müavinət və təqüdlərin təyinatının ölkə üzrə tam mərkəzləşdirilməsi və s. məsələlərdən bəhs edilib.