İki günlük sərt karantindən sonra - Bu şəhərdə qaydalara əməl edilmir
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonlarında tətbiq edilən iki günlük sərt karantin rejimi bu gün səhərdən başa çatıb.
AFN "aztv.az"a istinadən xəbər verir ki, Gəncə sakinləri bunu, sanki karantin rejiminin tamamilə aradan qalxması kimi qəbul edib, heç nə yoxmuş kimi gündəlik həyatlarına davam ediblər.
Ölkəmizin ikinci ən böyük şəhərində yenə də növbələrdə ara məsafəsi saxlanılmır, ictimai yerlərdə tibbi maskalardan istifadə olunmur. Şəhərdə karantin rejiminin tələblərinin ciddi şəkildə pozulduğu yerlərdən biri də ictiami nəqliyyat vasitələridir ki, burada ara məsafəsi gözlənilməməklə yanaşı, özünü və ətrafdakı insanların sağlamlığını biganə olaraq tibbi maskalardan istifadə etməyənlərə hələ də rast gəlmək mümkündür.
Vətəndaşların bəhanələri də əvvəlkidir - “indi çıxardım”, “hava alıram”, “çantadadı, istifadə edərəm” və sair. Gəncə sakinlərinin bəhanələrindən biri də, apteklərdə tibbi maskanın olmadığı fikirləridir. Amma apteklərdən maraqlananda məlum olur ki, əhalinin maska ehtiyacını ödəyəcək qədər məhsul var. Demək ki, bu bəhanə də yersizdir.
Gəncənin kafe və restoranlarında isə qaydalara obyekt sahibləri tərəfindən əməl edilir. Müştərilər əlləri dezinfeksiya edildikdən sonra məkana buraxılırlar. Personal da tibbi maska və əlcəkdən istifadə edir. Təəssüf doğuran məqam isə müştərilərin sosial məsafəni gözləməmələridir.
Onu da bildirək ki, Gəncə şəhərində COVID-19 infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün səs gücləndiricilərdən istifadə etməklə əhalinin maarifləndirilməsi davam etdirilir. Bu prosesə mobil qrupun üzvləri də dəstək olurlar.
Eyni zamanda şəhərdə kompleks dezinfeksiya işləri də aparılır. Gəncənin küçə və prospektləri xüsusi su çiləyici avtomobillər vasitəsilə dərmanlanır, parklar, əhalinin daha çox toplaşdığı məkanlar, çoxmənzilli binalar və ətrafı mütəmadi olaraq dezinfeksiya edilir.