Uşaqların dilənçilik etməsini aradan qaldırmağın bir yolu var - Birlik sədri
"Anamın borcu var, onları ödəmək lazımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sığınacağa gətirilən 3 qohum uşağın ona dediklərindən danışarkən deyib. Onun sözlərinə görə, uşaqlar sığınacağa hüquq-mühafizə orqanları tərəfindən gətirilib:
"Bunlar qohumdurlar. Uşaqlar təxminən 12, 6 və 4 yaşlarındadır. Böyük qız xala hesab olunur. Qaraçı ailələrindən olan uşaqlardır. Müxtəlif qohumların uşaqları bir evdə toplaşdırılır və diləndirilir. Uşaqlar 3 saat ərzində salfet satmaqla, dilənməklə 11 manat 55 qəpik qazanıblar. Təxmini hesablasaq, axşamadək, 9 saat ərzində bu rəqəm 30-40 manat civarında olur. Hamısı da deyir ki, "anamın borcu var, onları ödəmək lazımdır...”
Kəmalə Ağazadə qeyd edib ki, bu "adətləri" dayandırmağın bir yolu var:
"Bu uşaqlar insan alveri qurbanı kimi tanınmalıdır”.