“Atamın nəşini qəbirdən çıxaracağam” - Məhəbbət Kazımovun oğlu




"Atam deyirdi ki, məni Laçında dəfn edin”. Bunu Əməkdar artist, mərhum sənətkar Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib.

AFN qaynarinfo-ya istinadən xəbər verir ki, Rəşid atasının arzusunu dilə gətirib:

"Məhəbbət Kazımov öz vətənində vətənsiz olaraq dünyasını dəyişib. Atamın Laçınla bağlı böyük arzuları vardı. İstəyirdi, doğulduğu kənddə yaşasın, nəvələrini orada böyütsün. Bütün qarabağlıların bir arzusu var, torpaqlar alınsın, hamı evinə, yurduna qayıtsın. Məhəbbət müəllimin bir vəsiyyəti vardı. Həmişə deyirdi: "Məni Laçında basdırın. Nə vaxt ölsəm, qəbrimi Laçına aparın, məni doğulduğum torpaqda dəfn edin”. Allah eləsin, Laçın alınsın, torpaqlarımız qayıtsın... Atamın da dediyi kimi, torpaqlarımız qayıtdığı gün mən burada bütün şəraitimi qoyub Laçına qayıdacağam. Atamın vəsiyyətini yerinə yetirəcəyəm. Atamın nəşini qəbirdən çıxarıb Laçına aparacaq, doğulduğu kənddə dəfn edəcəyəm. Bu, vəsiyyətdir, gərək əməl edəm”.

Rəşid Kazımov Laçını görmədiyini, ancaq onun xəyalı ilə yaşadığını deyib:

"Təkcə atam deyil, böyüklər də danışanda həsrətlə dinləyərdik. Böyüklər məclislərdə Laçınla bağlı təəssüratlarını bölüşürdülər. Bu, bizi ağrıdır. Məcburi köçkünlərin hamısı Qarabağa qayıtmaq istəyir. Torpaqlar alınsa, 80% əhali yurduna qayıdar. Yetərincə təbliğat gedib, hər kəs oranı görmək istəyir. Atam kimi mənim də ürəyimdən keçən bir arzum var, Laçın alınsın, geri qayıdım. Orada mənim atamın kəndi var”.

Rəşid Kazımov "Laçınım” mahnısında bir fəryad olduğunu vurğulayıb:

"Mahnının tarixçəsini bilmirəm. Amma bu mahnı Laçın işğal olunandan sonra yazılıb. "Laçınım” mahnısını digər mahnılardan fərqləndirən onun ah-nalə, fəryad üstündə yazılmasıdır. Məhəbbət Kazımov ös səsi ilə fəryad edir. Sanki bu mahnı ilə bütün Qarabağı ağlayır. Bütün Azərbaycan bu mahnını sevdi”.
Rəşid Kazımov həmişə olduğu kimi bu gün də Məhəbbət Kazımovun qəbrini ziyarət etdiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu