KİVDF-dən çıxan baş redaktor: “Hamı həqiqəti bilməlidir”
"Yeni təyin olunan rəhbərlərin işləmək üçün öz kadrlarının ola biləcəyini bildiyimdən KİVDF-nin yeni icraçı direktoru Əhməd İsmayılova işdən azad olunmağım barədə ərizə təqdim etdim".
Bu sözləri "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) uzaqlaşdırılmasından danışarkən deyib.
Aydın Quliyev qeyd edib ki, hər kəsin öz başa düşdüyünü dövriyyəyə buraxmaması üçün hamı həqiqəti bilməlidir: "Bir neçə ay əvvəl mənə edilən təklifi qəbul edərək KİVDF-də ştatdankənar ekspert təyin edildim. Neçə illik təcrübəmə söykənərək bu ötən müddətdə işə çiyin verdim... Dövlət işində az-çox təcrübəsi olan biri kimi yeni təyin olunan rəhbərlərin işləmək üçün öz kadrlarının ola biləcəyini bildiyimdən KİVDDF-nin yeni icraçı direktoru Əhməd İsmayılova apardığım ştatdankənar işdən azad olunmağım barədə ərizə təqdim etdim. Ərizəm qəbul olundu".
Aydın Quliyev hazırda "Bakı-xəbər" qəzetinin başında olduğunu deyib: "Dövlətçilik prinsipi üzərində dəyişməz işimi davam etdirirəm".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılovun qurumun bütün əməkdaşlarını işdən çıxarması barədə mətbuat məlumat yayılıb. Onların arasında "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də vardı.(Qaynarinfo)