Koronavirusa preventiv tədbirlərlə qalib gəlmək olar - deputat




"Dünya üzrə koronavirusa yoluxanların sayı sürətlə artaraq 1,4 milyon nəfərə, pandemiyadan həyatını itirənlərin sayı isə 70 min nəfərə yaxınlaşır. Bununla da bəşəriyyətin çox qorxunc fəlakətlə üzləşməsi ilə bağlı proqnozlar, təəssüf ki, özünü doğultmaqdadır”.



AFN xəbər verir ki, bunu son günlər insanları ciddi şəkildə imtahana çəkən koronavirus xəstəliyi haqqında fikirlərini bölüşən Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə Komitəsinin üzvü, Milli Onkologiya Mərkəzinin Baş direktor müavini Kəmaləddin Qafarov bildirib.
K.Qafarovun fikrincə, koronavirusla (COVID-19) mübarizədə, dəfələrlə vurğulandığı kimi, ən doğru yol bu sahədə preventiv tədbirlərin görülməsidir: “Dövlətimiz hələ fevral ayının əvvəllərindən bu sahədə davamlı şəkildə həyəcan təbili çalsa da, insanlar bu və ya bu kimi fəlakətlərlə yaxın və uzaq keçmişdə rastlaşmadıqlarından, təklif olunan, irəli sürülən tələb və tövsiyələrə ciddi əhəmiyyət vermədilər. Rəsmi qurumların və mütəxəssislərin rəyinə görə, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı mübarizədə ölkəmizin taktikası və strategiyasını təqdir etsə də, bəzi müvafiq strukturların və müxtəlif əhali qrupları nın dövlətin və hökumətin qabaqlayıcı təbirlərinə adekvat, çevik reaksiya verməməsi ucbatından ölkə daxilində də xəstəliyə yoluxma halları qeydə alındı”.
Millət vəkili bildirib ki, ölkə rəhbərliyinin, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, onun daimi nəzarəti altında fəaliyyət göstərən Nazirlər Kabineti yanında Operativ Qərargahın fasiləsiz səyləri nəticəsində pandemiyanı nəzarət altında saxlamaq mümkün olub: “Vəziyyətin daim nəzarətdə saxlanılması üçün bir sıra strukturların və əhali qruplarının dövlətə fəal dəstəyi lazımdır. Bunun üçün insanların total şəkildə nizam-intizama əməl etməsinin dayanıqlığı ilə yanaşı, hazırda ambulator və stasionar müalicə mərhələsində olan xəstələrə də ciddi nəzarət olunmalıdır. Bu tipli xəstələr koronavirusun qurbanı və ya daşıyıcısı olmaq nöqteyi- nəzərindən ən potensial təhlükə qruplarıdır”.
K.Qafarov bir daha xatırladıb ki, koronavirusun neqativ təsir sferasına əsasən 60 yaşdan yuxarı insanlar aiddir: “Lakin dünyanın müxtəlif yerlərindən alınan ən son məlumatlar 20 yaşdan aşağı uşaq və gənclərin da artıq əsas risk qrupuna daxil olduğunu təsdiqləyir. Bunun nəticəsi olaraq Türkiyədə və digər ölkələrdə bu kateqoriyaya aid əhali kontingentinə evdən bayıra çıxmamaq qadağası qoyulmuşdur. Fikrimizcə, potensial yoluxma ocaqlarından biri kimi, müxtəlif xəstəlikdən əziyyət çəkən, qeyd etdiyimiz kimi, ambulator və stasionar şəraitdə müalicə alan xəstələr, o cümlədən onkoloji xəstələr ola bilər.
Azərbaycan Milli Onkologiya Mərkəzində martın14-dən etibarən ölkədə aparılan preventiv tədbirlərin görülməsi ilə bağlı geniş plan hazırlanıb və bu plan dəqiqliklə həyata keçirilir. Hazırda Mərkəz karantin tədbirlərinin sərt tətbiqi rejimində fəaliyyət göstərir. Mərkəzdə müntəzəm olaraq profilaktiki dezinfeksiya aparılır, pasiyentlərə xidmət zamanı bütün tibbi təhlükəsizlik tələblərinə əməl olunur. Müalicə və müayinə korpuslarına giriş-çıxışa, pandemiya tələblərinə uyğun olaraq, daha ciddi şəkildə nəzarət həyata keçirilir”.
Milliət vəkili qeyd edib ki, onkoloji xəstələrin yaranmış şəraitdə koronavirusa yoluxmaması üçün maksimum ehtiyat tədbirləri görülür: “Dövri mətbuatda bir müddət öncə Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevin (X.Qasımlı ilə birlikdə) onkoloji xəstələrin koronavirus (COVID-19) təhlükəsindən qorunması ilə bağlı tövsiyələri təkcə xəstələr deyil, tibbi seqmentin nümayəndələri tərəfindən böyük maraq və razılıqla qarşılanıb. Həmin məqalədə göstərilir ki, bir çox beynəlxalq onkoloji cəmiyyətlər, bilinən digər respirator viruslar üzərində olan təcrübələrə əsaslanaraq, xüsusən immun sistemi zəif olan xəstələri risk qrupuna aid edirlər.
Bu kateqoriyaya asağıdakı xəstəliklər və risk faktorları aiddir: 65 yaşdan yuxarı yaş qrupu; paralel mövcud olan xroniki ürək-damar, ağciyər və metabolik xəstəliklər (arterial hipertoniya, şəkərli diabet, ağciyərlərin xroniki obstruktiv xəstəliyi və s.); leykositopeniya (qanda leykositlərin azlığı); qanda aşağı immunqlobulin göstəriciləri; uzunmüddətli immun suppresiv dərmanların qəbulu (steriod ve antitellərin qəbulu); hematoloji xərçənglər (leykemiya, limfoma və s.); allogen kök hüceyrə transplantasiyası zamanı neytropeniya fazası; anadangəlmə immun defekti.
Akademik C.Əliyevin məqaləsində sadalanan bu risk faktorlarını daşıyan onkoloji xəstələrin xüsusilə virusdan qorunma tədbirlərinə daha diqqətlə əməl etməsi tövsiyə olunur”.
K.Qafarov sözünə davam edərək bildirib ki, koronavirus (COVID-19) pandemiyası şəraitində Milli Onkologiya Mərkəzinin əməkdaşları bədxassəli şiş diaqnozu qoyulmuş xəstələrə radioterapiya aparılması prosesinə bir anlıq da olsun fasilə verməyiblər. Xəstələrin və tibb personalının virusa yoluxma, başqalarını yoluxdurma riskinin minimuma endirilməsi nəzərə alınmaqla aparılan şüa müalicəsinin həyata keçirilməsində dünyanın aparıcı klinikalarının, beynəlxalq cəmiyyətlərin (ASTRO, ESTRO və s.) hazırlanmış müfafiq alqoritmlərindən, onların təcrübələrindən geniş istifadə edilir. Atom Enerjisi üzrə Beynəlxal Agentlik (İAEA) tərəfindən 2020-ci il aprelin 3-də “COVİD 19 və radioterapiya şöbələrinin hazırlığı: yaxşı təcrübəyə doğru həmrəylik” mövzusunda Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin həkimləri və tibbi fiziklərinin də iştirak etdiyi beynəlxalq vebinar (onlayn konfrans) keçirilib. Dünyanın bütün qitələrindən 1200–dən çox mütəxəssisin (radioterapevt və tibbi radiasion fiziklər) iştirak etdiyi vebinarın aparılmasında əsas məqsəd COVID-19 pandemiyası zamanı radioterapiya xidmətləri ilə bağlı mütəxəssislərin öz təcrübələrini bölüşmək və fikir mübadiləsi aparmaq olub.
Vebinarda olduqca çətin pandemiya şəraitində çalışan italiyalı həkim Pierfrancesco Franconun çıxışı böyük maqala izlənilmişdir. Onlayn konfransda şüa müalicəsinə göstəriş olan xəstələdə radioterapiyanın fərdi və situasion faktorları nəzərə alınmaqla aparılma vaxtının seçilməsinin müzakirəsi zamanı yekdilliklə qəbul olunmuşdur ki, şüa müalicəsini o halda təxirə salına bilər ki, bu addım konkret xəstənin müalicəsinin effektivliyinə mənfi təsir etmir. Müalicənin təxirə salınması mümkün olmayan hallarda isə, xəstələrin şüa müalicəsi koronavirusa qarşı ciddi qoruyucu tədbirlər çərçivəsində aparılmalıdır. Akademik C.Əliyvin də xüsusi olaraq vurğuladığı kimi, virusa yoluxmaq və digər xəstələri yoluxdurmaq riskini minimuma endirmək üçün bu xəstələrə radioterapiya hökmən xəstəxanada stasionar şəraitdə həyata keçirilməlidir.
Paneldə xəstələrin, tibb personalının və digərlərinin yoluxmadan qorunma ilə bağlı strategiyalar, kadrların dəyişdirilməsi, telesəhiyyədən istifadə, dezinfeksiya, COVID pozitiv və ya şübhəli COVİD xəstələrinin müalicəsi ilə bağlı məsələlər də müzakirə edilmişdir. Şübhə yoxdur ki, dünyanın aparıcı klinikaların radiason onkoloq və tibbi radiasion fiziklərinin iştirakı ilə vebinarda həyata keçirilən bu fikir mübadiləsi mürəkkəb koronavirus (COVİD 19) pandemiyası şəraitində çalışan Milli Onkologiya Mərkəzinin əməkdaşlarınında daha səmərəli işləməsinə boyük dəstək olacaqdır.
K.Qafarov onu da qeyd edib ki, Milli Onkologiya Mərkəzinin kollektivi akademik C.Əliyevin rəhbərliyi altında koronavirus pandemiyası kimi şox çətin və mürəkkəb şəraitində onkoloji xəstələrin bu bəladan kənarda qalması, ondan etibarlı şəkildə qorunması üçün əlindən gələni əsirgəmir, dövlətimizin bu sahədə səylərini öz praktik fəaliyyəti ilə dain dəstəkləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu