Lerikdə qalmaqal: 59 yaşlı müəllim şagirdinə təcavüz etməkdə suçlanır
Lerik rayonunda zorlanma hadisəsi baş verib.
Bu barədə Qaynarinfo-ya kənd sakinləri məlumat verib. Onlar baş verən qandonduran hadisədən son dərəcə sarsıldıqlarını və bu haqda hüquq-mühafizə orqanlarını xəbərdar etdiklərini bildiriblər.
Məlumata görə, rayonun Kirəvud kənd sakini, 2003-cü il təvəlüdlü, 11-ci sinif şagirdi 1961-ci il təvəlüdlü Kirəvud orta məktəbinin rus dili müəllimindən 5 aylıq hamilədir. Bildirilir ki, qız hələ 7-ci sinifdə oxuyanda müəllim ona göz qoyub və o, sinifdə şagirdlərin gözü qarşısında dəfələrlə seksual hərəkətlərə məruz qalıb. Sinifdə baş verən xoşagəlməz hadisələr haqda şagirdlərin bəziləri evdə valideynlərinə məlumat verib. Bundan əlavə isə məsələ ilə məktəb rəhbərliyinin məlumatlandırımasına baxmayaraq, o, müxtəlif bəhanələrlə bu hadisəni ört-basdır edib.
Qaynarinfo bununla bağlı araşdırma aparıb. Kirəvud kənd icra nümayəndəsi Şəfiq Əliyev 11-ci sinif şagirdinin hamilə olduğunu təsdiqləyib:
"Hadisənin nə dərəcədə doğru olub-olmadığını və necə baş verdiyini istintaq deyəcək. Hazırda iş istintaq orqanlarındadır. Yekunda hər şey məlum olacaq. Qız hamilədir və o rus dili müəllimi tərəfindən zorakılığa məruz qaldığını deyib. Amma onun həmin müəllim tərəfindən zorakılığa məruz qalması sübuta yetirilməyib. Çünki qız hər dəfə bir ittiham irəli sürüb. Dərs prosesində baş verməsi ilə bağlı şayiələr danışılır. Belə bir hadisə olmamalıydı. Həm kəndin, həm də rayonun adına utanc gətirən hadisədir. Arzuolunmaz və böyük biabırçılıqdır. Əgər bu, təsdiqini taparsa, kənd camaatı bunu qəbul etməyəcək. Yəqin ki, ondan sonra həmin müəllimin kənddə yaşaması sual altında olacaq. Kimin bu məsələdə əli varsa, cəzasını alacaq".
Kirəvud kənd orta məktəbinin müəllimlərindən biri də hadisəni təsdiqləyib:
"Qız hamilədir. Hazırda qız 11-ci sinifdə oxumalı idi. Amma o 9-cu sinifdə bizim məktəbdən çıxıb. Təhsilini davam etdirmək üçün qonşu kəndə getməli idi. Lakin getmədi. Hazırda iş istintaqdadır. Qız Kirəvud kənd orta məktəbinin rus dili müəllimi tərəfindən hamilə qaldığını deyib. Həmin müəllim ailəlidir, 3 uşağı var".
Kirəvud tibb məntəqəsinin rəhbəri Akif Nəciyev də hadisəni təsdiqləyib:
"Mənə müraciət olunmayıb. Amma məsələdən xəbərdaram. İş polisdədir. Qız 5-6 aylıq hamilədir və xəstəxananın doğum şöbəsində qeydiyyata götürülüb".
Lerik Rayon İcra hakimiyyətinin müavini, ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova məsələdən xəbərsiz olduğunu dedi:
"Bu barədə İcra Hakimiyyətinə məlumat verilməyib. Belə hadisə olanda mütləq bizə hüquq-mühafizə orqanlarından rəsmi məktubla məlumat verilir. Məsələ araşdırılacaq və məlumat veriləcək".