Prezidentin irad tutduğu xəritə ilə bağlı nazirlikdən açıqlama
Mədəniyyət Nazirliyi Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyinin yeni binalarının açılışı zamanı Prezident İlham Əliyevin nümayiş olunan xəritələrlə bağlı səsləndirdiyi haqlı iradlarla bağlı açıqlama verib.
Nazirlikdən verilən məlumata görə, açılış zamanı həmin xəritələrdə coğrafi adların düzgün verilməsi və tarixi dövrlərin göstərilməsinin zəruriliyi ifadə edilib:
"Bildiririk ki, Mədəniyyət Nazirliyi yalnız dövlət tərəfindən təsdiq edilmiş xəritələrdən istifadə edir.
Mədəniyyət Nazirliyi Prezidentin iradlarını nəzərə alaraq, verilmiş nöqsanların aradan qaldırılması üçün həmin xəritələrin hazırlanmasını həyata keçirən müvafiq orqanlara müraciət edib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər muzey və mədəniyyət müəssisələrində də araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsinə uyğun olaraq, aşkar edilmiş analoji nöqsanlar aradan qaldırılacaq".
Nazirliyin məlumatında daha sonra bildirilir ki, Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyi və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyindəki xəritələr Azərbaycan Prezidentinin 20 aprel, 2011-ci il tarixli sərəncamına uyğun olaraq yaradılan Redaksiya Heyətinin qərarı ilə 2014-cü ildə hazırlanmış "Azərbaycan Respublikasının Milli Atlası"ndan (səhifə 50-51 və 395-dən) götürülüb.