Bakıda 8 İran vətəndaşı karantinə alındı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama yayıb.
Qaynarinfo-ya daxil olan açıqlamada deyilir:
"4 mart 2020-ci il tarixində Bakıda məskunlaşan İran İslam Respublikasından olan ailənin azyaşlı üzvlərindən birində yüksək hərarət olduğundan təcili tibbi yardıma müraciət edilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, ailə başçısı koronavirus xəstəliyinin geniş yayıldığı İran İslam Respublikasından 27 fevral 2020-ci il tarixində Azərbaycan ərazisinə gəlib. Bu səbəbdən profilaktik məqsədlə və zəruri ilkin testlərin edilməsi üçün ailənin bütün üzvlərinin ilkin müayinələrdən keçməsinə qərar verilib. Təcili tibbi yardım maşını ilə ailənin digər üzvlərinin (6-sı uşaq olmaqla 8 İran vətəndaşı) də xəstəxanaya aparılması məqsədəmüvafiq hesab olunub. Bu zaman onlar həkim briqadasına müqavimət göstərdikləri üçün hadisə yerinə polis əməkdaşları çağrılıb.
Hazırda müəyyən olunmuş karantin müddətinə uyğun olaraq bütün ailə üzvləri xəstəxanada müşahidə altında saxlanılırlar".