Daha bir məntəqə üzrə nəticələr ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.
Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:
"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız bir məntəqədə qanun pozuntusu aşkar edilib”.
İclasda daha sonra həmin dairənin 1 seçki ( 34 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
MSK 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yadigar Sadıqlının müraciətinə baxıb.
Məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir qanun pozuntusu aşkar edilməyib”.
MSK namizədin müraciətinin təmin edilməməsi,DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib. (Qaynarinfo)