Nazarbayevin nəvəsi Britaniyadan sığınacaq istədi: "Əlimdə irimiqyaslı korrupsiya faktları var"
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan sığınacaq istəyib.
Bu barədə o, özünün facebook səhifəsində müraciət yayımlayıb. Prezidentin nəvəsi ona ölkəsində təzyiq göstərildiyini qeyd edib. Bildirib ki, əlində Rusiya və Qazaxıstan hökumətləri arasında irimiqyaslı korrupsiya faktlarına dair məlumatlar var. O, bununla bağlı bütün detalları "Times" qəzetinə verdiyi müsahibəsində oxuya biləcəyinizi qeyd edib.
29 yaşlı Aysultan Nazarbayev 2019-cu ildə Londonda bir polis əməkdaşına hücum etdiyi üçün saxlanılaraq, şərti cəzaya məhkum edilib.
"Nazarbayev narkotik maddələrin təsiri altında polisə müqavimət göstərib və birini vurmaq istəyib. İstintaq məlumatına görə, o, polis əməkdaşının əlində dərin iz buraxıb", - deyə BBC yazıb.
Məhkəmə buna görə, ona 18 ay sınaq müddəti və narkotik asılılığından müalicə, ictimai işlərə cəlb və pul cəzası tətbiq edib.
Aysultan Nazarbayev Qazaxıstanın sabiq prezidentinin böyük qızı Dariqa Nazarbayevanın oğludur. //Qaynarinfo
Qeyd edək ki, Dariqa Qazaxıstan Senatının sədridir.