Qazaxıstanda nə baş verir: saraydaxili savaş, yoxsa islahata doğru ilk addım?.. (ŞƏRH)
"Nazarbayev Dariqanı hakimiyyətdən uzaqlaşdırmaq haqqında ölkə prezidentinə təklif verib".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Qazaxıstan Mərkəzi Seçki Komissiyasının Respublika Senatının (parlamentin yuxarı palatası) deputatı Dariqa Nazarbayevanın sədrlikdən kənarlaşdırması və deputat səlahiyyətindən məhrum etməsini şərh edərkən deyib. Onun sözlərinə görə, Nazarbayev hakimiyyətdən getsə də, Təhlükəsizlik Şurasının sədri kimi hakimiyyətin bütün qollarına nəzarət edir:
"Amma bu zaman onun nəvəsi Dariqanın oğlu Londonda klanın əleyinə çox ciddi bəyanatlar verirdi. Bu bəyanatların əsas hədəflərindən biri Nazarbayevlər ailəsi tərəfindən rüşvət və digər yollarla dövlət əmlakını talamaqla əldə edilmiş pulların İngiltərə və s. zonalarda yuyulması və onun təmizə çıxarılması prosesinin getməsiydi. Hətta onun nəvəsi özünün də bu prosesdə iştirak etməsi ilə bağlı İngiltərənin bir sıra qəzetlərinə müsahibə verib. Sonradan onu neytrallaşdırmaq mümkün olsa da, ölkəyə qaytara bilmədilər. Digər tərəfdən isə onun söylədikləri Qazaxıstan müxalifəti üçün çox ciddi materiala çevrildi. Qazaxıstan müxalifəti olkədəki sülalə dəyişmələrini, hakimiyyətin biloloji yollarla yaxın qohumlara ötürülməsi məsələsini gündəmə gətirdi. Həm də Nazarbayevin pulları barədə əfsanəvi məsələlər uydurmağa başladı. Ölkənin bəzi rayonlarında kortəbii çıxışlar oldu. Doğrudur, bu çıxışlar yatırıldı. Qazaxstan müfalifəti bu saat susur və həmin məsələlər ətrafında Nazarbayev və onun qohumları tərəfindən tutulan hakimiyyətin xalqa verilməsi tələbiylə çıxış edir. Nazarbayev Qazaxstan üçün böyük işlər görmüş adamdır. Nazarbayevin dövründə korrupsiya olsa da, miqyası elə də böyük olmayıb. O, bir neçə məsələdə səhvə yol verib. Birincisi, bacısı oğlunu ölkə prezidenti vəzifəsinə gətirdi. Və eyni zamanda qızı Dariqanı parlamentin Senatın sədri qoydu. Bununla da kifayətlənməyib ölkənin paytaxtı Asatana şəhərinə Nazarbayev adını verdi. Nazarbayev Qazaxstanın tarixinə möhür vuran adamdır, amma müxalifətin dediyi də əsaslıdır. İndiki məqamda isə zənnimcə, müdrik addım atdı. Qızı Dariqanı hakimiyyətdən uzaqlaşdırmaq haqqında ölkə prezidentinə təklif verdi və bu, həyata keçirildi. Nazarbayev bununla ölkədə qarşıdurmanın yaranmasının qarşısını aldı".
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Nursultan Nazarbayev dövlət başçısı postunu hazırki prezident Qasım Tokayevə təhvil verdikdən sonra özünün statusu artırıldı:
"Ona lider statusu verildi, paytaxtın adı dəyişdirildi və qızı da vəzifəsini qorudu. Buna görə də Tokayevin Narazbayevin qızını ölkənin ikinci postu vəzifəsində uzaqlaşdırması gözlənilməz idi. Ancaq birdən-birə belə bir qərar verilirsə, deməli, bunun ciddi əsasları var. Yəqin ki, bu qərar Nursultan Nazarbayevlə də razılaşdırılıb. Gələn xəbərlərə görə, burada korrupsiya ittihamları da ola bilər. Çünki Dariqa Nazarbayevanın və oğlunun adına İngiltərə banklarında vəsaitlərin olmasının üzə çıxma ehtimalı var. Bu, mənə Özbəkistanda baş verən hadisələri xatırladır. İslam Kərimov prezident olanda qızı ilə bağlı faktlar üzə çıxdı, onun özü qızının ev həbsinə alınması və pulların geri qaytarılması haqqında qərar verdi. İslam Kərimov artıq vəfat etsə də, qızı hələ həbsdədir.
Eyni hadisələr sanki Qazaxıstanda da cərəyan edir. Fərq ondadır ki, Nursultan Nazarbayev sağdır və lider statusunu saxlayır.
İkinci ehtimal isə ondan ibarətdir ki, Tokayev Nazarbayevin rəyini almadan bu qərarı verib. Bu isə o deməkdir ki, Tokayev artıq hakimiyyəti öz əlində cəmləşdirmək istəyir və Nazarbayevlə konfliktə hazırdır. Dariqa Nazarbayevanın vəzifədən azad edilməsi Qazaxıstanda çox kəskin siyasi mühitin formalaşmasına gətirib çıxaracaq. Dariqa Nazarbayevanın ətrafında qalmaqallar çox idi. Onun keçmiş həyat yoldaşı Avropa ölkələrindən birində səfir kimi də çalışdı və sonra müxalifətə keçdi. Bir müddət sonra isə müəmmalı şəkildə vəfat etdi. Dariqa Nazarbayevanın Londonda yaşayan oğlu da ciddi ittihamlar səsləndirirdi. Mümkündür ki, prezident Tokayev Nazarbayevin nəzarətindən çıxmaq istəyir. Əlbəttə, Tokayev Nazarbayevə qarşı birbaşa qiyam qaldırmağa risk etməz. Amma yenə Özbəkistanla paralelləşdirmə aparmaq istəyirəm. İslam Kərimov vəfat etdikdən sonra varis kimi Şavkat Mirziyoyev hakimiyyətə gəldi. Mirziyoyev Kərimovun siyasətinin üstündən xətt çəkdi və ciddi islahatlara başladı. Nazarbayevdən sonra Tokayev də daxili və xarici siyasətini 180 dərəcə dəyişə bilər. İndi edə bilmir, çünki Nazarbayev hər şeyə nəzarət edir. Amma hiss olunur ki, artıq Tokayev bu nəzarətdən çıxmaq istəyir. Prezident postunu tutan şəxs başının üstündə başqa bir nəzarət funksiyasının olmasını qəbul etməz. Tokayevin böyük ehtimalla belə bir arzusu var və nəsə etməyə çalışacaq".
Qeyd edək ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası Respublika Senatının (parlamentin yuxarı palatası) deputatı Dariqa Nazarbayevanı səlahiyyətindən məhrum edib.
Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının mətbuat mərkəzi məlumat verib.