31 yanvar Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür




31 yanvar tarixi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.



Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.

1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb.

Beş ildən sonra vətənə qayıdıb. 1917-ci ilin oktyabrında isə Müsavat Partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib.

Böyük dövlət xadimi bu illərdə xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər əqidədaşları ilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti oldu.

Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut etdi. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olundu. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk etdi.

1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub, bu ölkədən uzaqlaşır.

İkinci Dünya Müharibəsindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşayan Rəsulzadə, 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, onu “Əsri” məzarıstanlığında dəfn ediblər.

M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib.

1993-cü il yanvarın 13-də Azərbaycan Respublikası Nazirlər Kabineti M.Ə.Rəsulzadənin abidəsinin layihələşdirilməsi və ucaldılması barədə qərar qəbul edib. O vaxt qəranın icrası Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Bakı şənər İcra hakimiyyətinə tapşırılıb. Həmin qərardan sonra Mədəniyyət Nazirliyi hətta görkəmli heykəltəraş Ömər Eldarova müraciət edərək heykəlin layihəsinin hazırlanmasını ona həvalə edib. Dana sonra nazirlik Bakı İncəsənət Mərkəzi ilə müqavilə bağlayıb, heykəlin işçi modeli və layihəsi üçün müvafiq məbləğ də ödəyib. Lakin iş elə bu mərhələdəcə yarımçıq qalıb. 1993-cü ildə Rəsulzadəyə qoyulacaq heykəl üçün hətta Rusiyadan baha qiymətə mərmər daşları da alınıb gətirilibmiş.

M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması məsələsi bir də 1993-cü ilin dekabrında yada düşüb. Həmin vaxt mərhum dövlət başçısı Heydər Əliyev Rəsulzadənin 110 illik yubileyinin təntənəli şəkildə qeyd olunması məqsədilə sərəncam verib. Sözügedən sərəncamda M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması, onun əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevirilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulub. Amma ötən illər ərzində aidiyyatı qurumlar bu sərəncamın da müddəalarını yerinə yetirməyib.

Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoyulması üçün dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili "Cümhuriyyət ili" elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu