Deputatlığa namizəd: "Bəzi rəqiblər hərdən qanunu pozur, mən də..."
"Deputat seçilsəm, əsl deputatın necə işləməli olduğunun nümunəsini də Binəqədidə göstərəcəm"
9 saylı Binəqədi ikinci Seçki Dairəsindən müstəqil namizəd, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevlə müsahibəni təqdim edirik:
- Gəlin öncə seçicilərə sizi tanıdaq. Əpoş Vəliyev kimdir?
- Mən 10 iyun 1982-ci il tarixdə Naxçıvan MR Şərur rayon Dizə kəndində anadan olmuşam. 1999-2003-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsini, 2003-2005-ci illərdə həmin institutda Folklorşünaslıq və mifologiya ixtisası üzrə magistratura şöbəsini bitirmişəm. 2005-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda aspiranturada əyani təhsili başa vuraraq, 08 oktyabr 2013-cü il tarixdə Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. 2010-2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə qiyabi şöbədə ikinci ali təhsil almışam. 60-dan çox elmi məqalənin və bir monoqrafiyanın müəllifiyəm. Məqalələrim respublikada və bir neçə xarici ölkədə çap olunmuşdur. Hazırda AMEA Folklor İnstitutunda aparıcı elmi işçı vəzifəsində çalışıram. Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri olaraq fəaliyyət göstərirəm. Televiziya və mətbuatla mütəmadi olaraq əməkdaşlıq edir, həm sosial, həm də elmi mövzularda çıxışlar edirəm. Ailəliyəm, iki övladım var.
- Deputatlığa namizəd olmaq təklifini ailəniz necə qarşıladı?
- Mən ziyalı ailəsində doğulmuşam. Biz ailədə 5 uşağıq. Hamımız ali təhsilliyik. Hər birimiz hansısa bir iş görmək istəyəndə mütləq valideynlərimizin dəstəyini alır, onlarla məsləhətləşirik. Deputatlığa namizədliyimi irəli sürmək istəyəndə də ailəmin dəstəyini aldım. Valideynlərim xeyir-dua verdi.
- Həm AMEAda aparıcı elmi işçi kimi, həm də DİMdə imtahan rəhbəri kimi çalışmaq çətindirmi?
- Mən AMEA Folklor İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışam. Hal-hazırda aparıcı elmi işçı vəzifəsində çalışıram. Dövlət İmtahan Mərkəzində əvvəlcə nəzarətçi kimi fəaliyyətə başladım, tapşırılan vəzifənin və işin öhdəsindən gələ bildiyim üçün qısa müddətdə imtahan rəhbəri oldum. DİMlə əməkdaşlıq qürurvericidir, çünki imtahanlar şəffaf və ədalətli aparılır. Buna görə də imtahanlar bazar günü istirahət vaxtıma düşsə də həvəslə iştirak edirəm. Çox zaman rayonlara getdiyimiz üçün həm görmədiyim rayonlarımızı görür, tanıyır, yeni-yeni dostlar qazanıram.
- Deputat olsanız, qarşıdakı planlarınız nə olacaq?
- Mən xeyli müddət öncə uşaq pulunun bərpası üçün kampaniya təşkil etmişdim. 100 valideynin imzasıyla Milli Məclisə məktubla müraciət etdim, müraciətim müsbət qarşılandı, televiziyada və mətbuatda günlərlə gündəmi həmin kampaniya tutdu. Millət vəkillərindən də bu məsələ ilə bağlı mənə dəstək olanlar oldu. Həmin kampaniyadan sonra uşaqlar üçün birdəfəlik müavinət 90 manatdan 200 manata, qüsurlu uşaqlar üçün verilən aylıq müavinət 85 manatdan 150 manata qaldırıldı, onlara qulluq edən şəxslər üçünsə aylıq 50 manat aylıq müavinət təyin edildi. Deputat olsam, ilk görəcəyim iş Mİlli Məclisdə uşaq pulunun bərpası üçün aidiyyatı qurumlara müraciət etmək olacaq. Daha sonra işıq və qaz limitlərinə yenidən baxılması, təqaüd yaşının azaldılması, bağçalara qəbulun şəffaf olması üçün elektron qəbul, tibbi sığorta, təhsildəki boşluqların aradan qaldırılması, dərsliklərdə yol verilən qüsurlar, nəqliyyatdakı çətinliklər, qəsəbə və kəndlərin yolları, regionlarda iş yerlərinin yaradılması, gənclərin ziyanlı vərdişlərə alışmaması üçün onların asudə vaxtlarının səmərəli təşkil olunması və məşğulluğunun təmin edilməsi, yetkinlik yaşına çatmayan qızların ərə verilməsinin qarşısının alınması, qız uşaqlarının ali təhsilə cəlb edilməsi və s. kimi məsələlər də mənim diqqətdə saxlayacağım məsələlər olacaq. Əslində problemlər çoxdur, bir çox qurumlar öz işlərinə məsuliyyətsiz yanaşır, ona görə də yeni seçiləcək deputatların üzərinə böyük məsuliyyət düşür. Onlar xalqın səsi olmalı, problemləri səsləndirməli, həllini aidiyyatı qurumlardan tələb etməlidirlər.
- Sizcə keçmiş deputatların bəzisinə qarşı niyə seçicidə inamsızlıq var?
- Ona görə ki, həmin deputatlar yalnız seçkidən seçkiyə öz seçicisi ilə səs almaq üçün görüşür. Digər zamanlarda onların problemlərilə, çətinliklərilə maraqlanmır. Şəhid ailələri ziyarət edilmir. Bir çox deputatlar hətta öz ərazisindəki şəhidlərin dəfnində də iştirak etmir. İnsanların problemlərilə vaxtında maraqlansalar, onların çətinlikləri ilə bağlı zamanında aidiyyatı qurumalr qarşısında məsələ qaldırılsa, insanlar rayonlarda yığışıb yolları bağlamaz, xərc çəkib Bakıya gələrək Prezident aparatının, Milli Məclisin qarşısında aksiyalar keçirməz.
- Rəqiblərinizlə aranız necədir?
- Mənim bütün rəqiblərimə hörmətim var. Mübarizəni normal aparacaqları təqdirdə onlarla aramızda heç bir narazılıq yarana bilməz. Amma bəzi rəqiblər hərdən qanunu pozur, mən də sosail şəbəkələrdən onlara xəbərdaqlıqlar edirəm.
- Hazırda neçə rəqibiniz var və kimi özünüzə rəqib görürsünüz?
- Hal-hazırda 14 rəqibim var. Amma doğrusunu deyim ki, onlardan heç birini özümə rəqib görmürəm. Ona görə ki, digər rəqiblərimin özlərinə ciddi rəqib bildikləri namizədin qohumları, tanışları da mənə zəng edir, sosial şəbəkələrdə yazır və dəstəklədiklərini bildirirlər. İmza toplama prosesini nümunəvi apardım, 500 imzanı şəxsən topladım. Deputat seçilsəm, əsl deputatın necə işləməli olduğunun nümunəsini də Binəqədidə göstərəcəm.
- Sizə uğurlar!
- Təşəkkür edirəm.