Rəqibi namizədliyini Kəmaləddin Qafarovun xeyrinə geri götürdü - BƏYANAT
9 saylı Binəqədi ikinci Seçki Dairəsindən namizədliyi qeydə alınmış Əsgərli Seynur Kamandar oğlu namizədliyini Kəmaləddin Qafarovun xeyrinə geri götürüb. Onun bu addımı ilə bağlı bəyanatını təqdim edirik:
Hörmətli seçicilər!
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü və ardıcıl islahatların nəticəsində iqtisadi, siyasi, sosial və digər sahələrdə mühüm uğurlara və nailiyyətlərə imza atmışıq. Dövlətimizin qüdrəti durmadan artıb, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, ictimai-siyasi sabitliyimiz, xalqımızın rifahı daha da möhkəmlənib. Məhz iqtisadi sahədə qazandığımız uğurların məntiqi nəticəsi olaraq ölkəmiz dünyada söz sahibi olaraq qəbul edilir, gəlirlərimiz durmadan artır. Bütün bunlar sosial sahədə ciddi islahatların həyata keçirilməsinə əsas verir. Qeyd etməliyəm ki, dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili siyasətin mühüm tərkib hissəsi olaraq kadr islahatları aparılır, gənc, peşəkar, yüksək təhsilli və vətənpərvər gəncliyimiz cəmiyyətimizdə öz layiqli yerini və rolunu daha da artırır. Prezident cənab İlham Əliyevin millət vəkillərinin müraciətinə cavab olaraq 2019-cu ilin 5 dekabr tarixində imzaladığı Sərəncama əsasən Milli Məclisin buraxılması və bu ilin 9 fevral tarixində Milli Məclisə növbədənkənar VI çağırış seçkilərin keçirilməsi də qeyd olunan siyasi islahatların mühüm tərkib hissəsidir. İslahatlar bir-birinə paralel getməli, dövlətin icraedici qolunda aparılan siyasətin qanunverici qolunda da davam etdirilməsilə daha faydalı və səmərəli nəticələrə nail olmaq olar. Prezident cənab İlham Əliyevin Davos Forumu zamanı səsləndirdiyi “Parlament seçkilərinin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır” fikirlər xüsusilə əhəmiyyət kəsb edir.
Diqqətinizə çatdırım ki, dövlət başçısının ölkə gənclərinə yönəlmiş fikirləri və mesajları məni də bir gənc olaraq daim düşündürmüş və gələcək fəaliyyətimlə bağlı böyük stimul olmuşdur. Məhz bu məqsədlə ölkəmizdəki bəzi dövlət qurumlarındakı struktur dəyişiklikləri və kadr islahatları məndə böyük ruh yüksəkliyi yaratmış, növbədənkənar Milli Məclisə seçkilərə qatılmağıma həvəs oyatmışdır. Mən də bir gənc kimi yaşadığım ərazi üzrə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən Milli Məclisə seçkilərə qatılaraq təcrübəmi artırmağa və öz gücümü sınamağa qərar verdim. Seçkilərə strat verildikdən sonra dairə seçki komissiyasına müraciət edərək müvafiq sənədlərimi təqdim etdim. İmza toplama kampaniyamı uğurla başa çatdıraraq namizədliyimin qeydə alınmasna müvəffəq oldum. Bu proses ərəfəsində hər hansı bir mane və pozuntu halları ilə rastlaşmadım. Bundan sonrakı prosesdə sona qədər iştrak etsəydim qələbə qazanacağıma şübhə etmirdim. Lakin indiki halda ölkəmizdəki siyasi islahatlarla ayaqlaşa biləcək bir namizədin dəstəklənməsi daha məqsədəuyğun olar. Seçki dairəsi üzrə qeydiyyatdan keçmiş 17 nəfər namizədin bilik və bacarıqlarını, təcrübəsini, ictimai-siyasi proseslərdəki iştirakını təhlil edərkən maraqlı mənzərə ilə rastlaşdım. Təəssüflər olsun ki, bəzi namizədlərin təcrübəsizliyi və proseslərə adekvat ola bilməyəcəyi qənaətinə varmış oldum. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Qafarov Kamaləddin Nəsrədin oğlu barədə apardığım araşdırma məndə böyük inam və etimad hisslərini oyatdı. Belə ki, həmin ərazidən V çağırış Milli Məclisə seçkilərin qalibi olmuş Qafaraov Kamaləddin Nəsrəddin oğlu Binəqədi rayonunun ictimai-siyasi həyatında yaxından iştirak etməklə bərabər qanunverici orqanda da təcrübəyə malik bir namizəddir. Bütün bunları nəzərə alaraq seçicilərimizin diqqətinə çatdırmaq istərdim ki, mən namizədliyimi Kamaləddin Qafarovun xeyrinə geri götürərək bütün seçicilərimizi layiqli və tərübli namizədə - Qafaraov Kamaləddin Nəsrəddin oğluna səs verməyə çağırıram.
Seçkilərin dövlətimizə və xalqımıza xeyirli, uğurlu olması arzusu ilə bütün layiqli namizədlərə müvəffəqiyyətlər diləyirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
Məni dəstəkləyən insanlara və seçicilərimə dərin hörmətlə,
Seynur Əsgərli