Xaricə köçürmədə xarici valyuta qəbul olunmur: “Accessbank”dan qəribə tələb
Son vaxtlar banklarla bağlı şikayətlər artmaqdadır. Daha çox narazılıq doğuran məqamlardan biri isə xaricə pul vəsaiti göndərmək istəyən vətəndaşların rastlaşdıqları qəribə tələbdir. Belə ki, müştərilər göndərəcəkləri xarici valyuta ilə müraciət etdikləri banklarda “xarici valyutanı bizdən almalısınız” tələbi ilə üzləşirlər.
Sonuncu belə şikayət “Accessbank”la bağlıdır. AFN xəbər verir ki, problemlə üzləşən vətəndaşların sözlərinə görə, “Accessbank”ın fliallarından birindən Rusiyaya rublla vəsait göndərmək istəyən müştəri oxşar tələblə rastlaşıb. Özü də bank işçisi olan müştəri bunun qanunsuzluq olduğunu diqqətə çatdırsa da, tələb dəyişməyib. Nəticədə müştəri başqa banka üz tutmalı olub. Maraqlıdır ki, sosial şəbəkədə məsələyə münasibət bildirən “Accessbank”ın rəsmisi də bu tələbin olduğunu inkar etməyib. O bildirib ki, “məsələ bir qədər fərqlidir”: “Müştəriyə rublu bizdən al deyilməyib. Sadəcə manatla qəbul edib köçürmə zamanı rubla konvertasiya edib göndərmək təklif olunub”.
Bank məsələləri üzrə ekspert Samir Əliyevin sözlərinə görə, bank əməliyyatları zamanı müştəridən valyutanın məhz həmin bankdan alınmasının tələb edilməsi düzgün deyil: “Burada əslində iki cür yanaşma var: bank təqdim olunan rublu qəbul etmir deyir məndən götür. Burada məntiqsizlik var. Xatırlayırsınızsa dollar böhranı olan ərəfələrdə müştərilər banka manatla gələndə banklar deyirdilər ki, get dollar gətir. Yaxud digər xarici xarici valyutalarla bağlı belə narazılıqlar olurdu. Əgər o vaxt sən belə davranırdınsa, indi də eyni cür davranmalısan. Kim rublla gətirirsə elə də qəbul edib göndərməlisən, həmçinin başqa xarici valyutanı. Digər bir məsələ ondan ibarətdir ki, qanunvericiliyə görə, bizdə ödəniş vasitəsi manatdır. Heç bir ödəniş xarici valyuta ilə aparıla bilməz. Amma bank istənilən valyutanı qəbul etməlidir. Əgər müştəri xarici valyutada yatırım edirsə, xaricə pul göndərirsə, bank mütləq bunu qəbul etməlidir. Hansı bank buna yol verirsə səhv edir. Xarici valyuta ilə köçürmədə xüsusilə bank təqdim olunan valyutanı qəbul etməlidir. Bu məsələdə müştəri tam haqlıdır”.