Mətbəxində siçanlar gəzən məşhur restoranla bağlı RƏSMİ QƏRAR




Kütləvi informasiya vasitələrində yayılan məlumat əsasında Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 3007-ci məhəllədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Yıldız Catering” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Sofra” restoranında yoxlama keçiriblər.



Lent.az -a qurumun mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb. Bundan əlavə, müəssisədə həşəratlara və gəmiricilərə qarşı profilaktik tədbirlərin aparılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi müəyyən edilib. Yoxlama zamanı o da məlum olub ki, mətbəx sahəsinin mövcud sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti normativ sənədlərin tələblərini kobud şəkildə pozur.

Aşkarlanan nöqsanlarla əlaqədar qanuvericiliyin tələbləri çərçivəsində ictimai iaşə müəssisəsində xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl "Sofra” restoranının mətbəxində məişət əşyalarının içində siçanların gəzməsilə bağlı fotolar yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu