Niyazi Bayramov tenderlərlə Gəncədə büdcə vəsaitini kimin əli ilə silir?
Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 25-də keçirdiyi katirovka sorğuları və tenderlərin qalibi olan hər üç şirkət eyni ildə, eyni ayda və eyni gündə təsis edilib və bu şirkətlər şirkətlər ata-oğula məxsusdur...
Niyazı Bayramovun Gəncə şəhərinə İcra Hakimiyyətinin başçısı təyin edilməsi artıq bir ildən çoxdur. Ötən ilin avqust ayında sözügedən şəhərə rəhbər təyin olunan Niyazi Bayramov işə başlar başlamaz Gəncənin ağsaqqalları ilə görüşdü,şəhərin ümumi problemləri ilə maraqlandı və sakinlərin təkliflərinn həll olunmasına söz verdi. Lakin bu bir il ərzində Niyazi Bayramovun gördüyü işlər, sakinlərə verdiyi sözlərlə üst-üstə düşmür. Ancaq onun rəhbərliyi barədə zamam-zaman yeni xəbərlər yayılır. İcra başçısı barədə növbəti yenilik isə bu günlərdə dövrü mətbuatın gündəminə çevrilmiş Gəncə şəhər İcra Hakimiyyətini elan etdiyi tender və katirovka sorgularının qalibi olan firmalara ayrılmış vəsaitlərin açıqlanmasında oldu.
Tender işlərində icra başçısına Gəncə şəhər Maliyyə İdarəsinin müdiri Rəşid Yusifov köməklik göstərir. Qeyd edək ki, Rəşid Yusifov İcra başçısı Niyazı Bayramovun Gəncədə təyin etdiyi ilk kadrlardandır. Ondan əvvəl Şəmkir rayon Maliyyə İdarəsinin rəisi olmuş Rəşid Yusifov Niyazi Bayramovun Gəncə şəhərinə rəhbər təyin olunmasından cəmi 15 gün sonra Gəncə şəhərinin maliyyə sektorunun başına gətirilib. Bu təyinatın baş tutmasına səbəb isə məlumatlara görə onların köhnədən olan dostluqları səbəb olub. Hazırda isə onlar dostluqlarını Gəncə şəhərində təmir tikintiyə ayrılmış vəsaitləri tender yolu ilə mənimsəmsəməklə davam etdirirlər.
Gəncə şəhərində abadlıq -quruculuq işlərinə son vaxtlar ayrılmış vəsait barədə dövrü mətbuat geniş acıqlama yaymışdı. Sözügedən məlumatları bir daha oxuculaın diqqətinə çatdırır və tenderlər vasıtəsilə mənimsənilən vəsaitləri Niyazi Bayramovun kimlərin əli ilə həyata keçirildiyini görmüş oluruq.
Bu ilin mart ayının 4-də Prezident İlham Əliyev Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 11 milyon, küçələrin əsaslı təmiri üçün 4 milyon, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon, ümumilikdə 22 milyon manat ayrılıb.
Bəs Gəncənin abadlaşmasına ayırdığı milyonlarla vəsait necə xərclənir?
Qlobal.az-ın budəfəki araşdırması Gəncə Şəhər İcra Hakimiyyətinin cari ilin iyul ayının 25-də keçirdiyi katirovka sorğuları və tenderlər üzərindədir.
Gəncə Şəhər İcra Hakimiyyətinin qeyd olunan tarixdə səkkiz lot üzrə keçirdiyi katirovka sorğularının və açıq tenderlərin ümumi məbləği 298.403 (iki yüz doxsan səkkiz min dörd yüz üç) manat təşkil edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu “idarənin sair xərcləri” (31.120), “bərk inventarın alınması” (60.716), “digər maşın və avadanlıqlar” (62.780) üzrə katirovkanın və tenderin qalibi “ELEQANT R” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu “avadanlıqların alınması” (19.492), “əsaslı təmir işləri” (54.890), “digər alış və xidmətlər” (13.000) üzrə katirovkanın və tenderin qalibi isə “QUBA TİKİNTİ SERVİS R” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu “Xidməti maşınlar üçün alınacaq maşın – mexanizmlərin ehtiyat hissələrinin satın alınması” (10.650) və “sair xərclər” (15.880) üzrə katirovkaların qalibi isə “STAMUS R” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin tenderlərinin qalibi hansı MMC-lərdir?
Məlum olub ki, Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 25-də keçirdiyi katirovka sorğuları və tenderlərin qalibi olan hər üç şirkət (“QUBA TİKİNTİ SERVİS R”, “STAMUS R”, “ELEQANT R”) eyni ildə, eyni ayda və eyni gündə – 2017-ci ilin noyabr ayının 27-də təsis edilib.
Nizamnamə kapitalları 10 (on) manat olan hər üç MMC-nin hüquqi ünvanı da həm eyni, həm də qeyri müəyyəndir: Quba rayonu, Amsar kəndi.
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
Bu şirkətlərin isə nə əlaqə telefonu, nə faktiki ünvanı, nə də “web” ünvanı yoxdur.
Bəs, görəsən, maliyyə imkanları, hesabatları, maddi-texniki bazaları, əmək müqaviləsi ilə çalışan işçilərinin sayının nə qədər olması da qaranlıq olan şirkətlər necə oldu ki, Gəncə Şəhər İcra Hakimiyyətinin səkkiz lot üzrə sifarişçi olduğu katirovka və tenderlərin qalibi ola bildi?
Qalib olan şirkətlər ata-oğulundur
Gəncə Şəhər İcra Hakimiyyətinin cari ilin iyul ayının 25-də sifarişçi olduğu iki katirovka sorğusunun və bir açıq tenderin qalibi olan “QUBA TİKİNTİ SERVİS R” MMC-nin qanuni təmsilçisi Cəfərov Rafiq İmamqulu oğludur.
İcra Hakimiyyətinin tenderlərinin digər qalibi – “ELEQANT R” MMC-nin qanuni təmsilçisi isə Cəfərov Mehman Rafiq oğludur.
Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 15-də sifarişçisi olduğu tenderin üçüncü qalibi “STAMUS R” MMC-nin qanuni təmsilçisi də Cəfərov Mehman Rafiq oğludur.
Məlumata görə, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan, “QUBA TİKİNTİ SERVİS R” MMC-nin rəhbəri 1966-cı il təvəllüdlü Cəfərov Rafiq İmamqulu “ELEQANT R” və “STAMUS R” MMC-lərin rəhbəri Mehman Cəfərovun atasıdır.
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununda tender sifarişçisi olan təşkilatın formalaşdırdığı komissiyada təmsil olunan şəxslərlərdən hər hansı ilə tenderdə iştirak edən təşkilatın rəhbəri qohum ola bilməz. Bu cür halların olması keçirilən kotirovka və tenderlərin şəffaflığını ciddi şübhə altına alır. Yaxın qohumluq əlaqələri olan şəxslərin rəhbər olduqları şirkətlərin eyni qurumun sifarişçi olduğu kotirovka və tenderlərin eyni gündə qalib olması mövcud qanunvericiliklə birbaşa qadağan edilməsə də, hər halda müyyən şübhələrə yol açır.
Yuxarıdakı faktlara aydınlıq gətirilməsi üçün ölkədə keçirilən satınalmalara nəzarət edən quruma – Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi müraciət edilib, lakin Xidmət sorğunu cavablandırmayıb.
Gəncə Şəhər İcra Hakimiyyətindən də mövqe bildirilməyib. (Qlobal.az)