Elman Rüstəmovun istefa müəmması məlum oldu...
Bu gün bəzi KİV-lərdə Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verdiyi bildirilir. İddialara görə, E.Rüstəmov artıq kollektivlə də vidalaşıb.
Həmçinin bildirilir ki, yaxın günlərdə baş bankirin vəzifədən azad olunması və onun yerinə yeni təyinatla bağlı Milli Məclisin toplanacağı gözlənilir. E.Rüstəmovun Baş Nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir.
Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev açıqlama verib. O deyib ki, qurumun mətbuat xidmətinə belə bir məlumat daxil olmayıb.
Qeyd edək ki, sabah Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilməlidir. İclasda faiz dərəcələrinə baxılacaq. Faiz qərarından sonra Mərkəzi Bankda mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Mərkəzi Bankdan bildirilib ki, sabah saat 11:00-da faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair Mərkəzi Bankın sədri Elman Rüstəmovun mətbuat konfransı keçiriləcək.
Qaynarinfo-nun mövzu ilə bağlı araşdırmasına görə, hazırda 69 yaşı olan Elman Rüstəmovun səlahiyyət müddəti altı aydan sonra – gələn ilin aprelində başa çatacaq.
Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000, 2005 və 2010-cu illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.
Sonuncu təyinat 2015-ci ilin aprelində baş tutub. O, daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, gələn il Rüstəmovun yenidən Mərkəzi Bank rəhbəri kimi təyinat alması onsuz da gözlənilmir.
Onun bu postla erkən vidalaşması istisna olunmasa da, söhbətləşdiyimiz iqtisadçı ekspertlər baş bankirin qarşıdakı altı ayda, yəni səlahiyyət müddətinin sonunadək vəzifədə qalacağını düşünürlər.