AQTA "İvanovka"nı bağladı: "İnsanların həyat və sağlamlığına təhlükə..." - FOTOLAR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 – Çağrı Mərkəzinə daxil olan növbəti məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəyyən edilib ki, emal müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçməyib və avtomagistral yolun kənarında, istifadəolunma təyinatı maşın qarajı üçün nəzərdə tutulmuş birmərtəbəli daş tikilidə fəaliyyət göstərir.
Yoxlama zamanı sexdə sanitar-gigiyena və texniki normativ aktların tələblərinə əməl edilmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə edilməklə süd məhsullarının istehsalının həyata keçirildiyi aşkarlanıb.
Emal prosesində qəbul edilən xammal və yarımfabrikatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılmadığı müəyyən olunub. Eyni zamanda xammal və yarımfabrikatların mənşəyi ilə bağlı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlərin olmadığı da aşkarlanıb.
Müəssisədə sanitar gigiyenik tələblərə riayət olunmadığı və məhsulda kif göbələklərinin inkişafının qarşısının alınması, həmçinin saxlanma müddətinin artırılması məqsədilə istehsal prosesi zamanı texniki normativ aktların tələblərinə zidd olaraq, insanın həyat və sağlamlığına təhlükə yarada biləcək E 235 “Pimarisin-Natamisin” (Pimalak) konservantından gözəyarı şəkildə istifadə olunduğu aşkar edilmişdir. Sexdə temperatur və rütubət rejiminin tənzimlənməsinə nəzarətin həyata keçirilmədiyi də müəyyən olunmuşdur.
Bütün bunlarla yanaşı, məhsulun markalanmasında “İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulması faktı aşkarlanmışdır. Məhsulun etiketlənməsində isə istehsalçı kimi hazırda fəaliyyət göstərməyən subyektin adı və ünvanı qeyd edilib.
Emal sahəsində xammal və hazır məhsulların eyni soyuducu kamerada, mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanıldığı aşkar olunub. İnsanların həyat və sağlamlığına təhlükə yaradacağına dair əsaslı şübhələr olduğundan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.