“Rektorun rüşvət alması ilə bağlı bütün iddialar yalandır”- GDU-dan AÇIQLAMA




Gəncə Dövlət Universitetinin rəhbərliyi AFN-də 04.10.2019-cu il tarixində dərc olunan “Rektor 300 min manat rüşvət alıb - İDDİA” başlıqlı yazıya münasibət bildirib.



Qeyd edək ki, adıçəkilən universitetin rektoru Yusif Yusibovla bağlı redaksiyamıza şikayət məktubu daxil olub. Müraciətdə rektorun işə qəbul etdiyi müəllimlərdən ümumilikdə 300 min manat rüşvət aldığı, eləcə də başqa qeyri-qanuni əməllərlə məşğul olduğu iddia edilib. Məsələ ilə bağlı dəfələrlə cəhd etsək də, GDU və Təhsil Nazirliyinin mətbuat katibi ilə əlaqə saxlaya bilmədik və məcburən yazını təktərəfli dərc etməli olduq.

Bu gün GDU-nun humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva redaksiyamızla əlaqə saxlayaraq, qeyd olunan iddialarla bağlı açıqlama vermək istədiyini söylədi. AFN jurnalistikanın balans prinsipinə əməl edərək, universitet rəhbərliyinin də mövqeyini öyrəndi.

G.Fətəliyeva AFN-ə bildirdi ki, rektor Y.Yusobovla bağlı qeyd olunan bütün rüşvət iddiaları yalandır: “Hamısı böhtandır. Kimdir 10 min manat verib, işə düzələn? Rüşvət verən varsa, ortaya çıxıb adını açıqlasın. Rüşvət alan da cinayətkardır, verən də. Niyə böhtan atıb, vaxtımızı alırlar? Kim sizin redaksiyaya şikayət məktubunu göndəribsə, Allaha tapşırıram. Həm Yusif Yusibova, həm də universitetə şərr atırlar. GDU-da xeyli inkişaf var. Niyə bundan yazmırlar? Biz hər bir tələbəni doğma balamız bilir, yüksək səviyyədə təhsil alması üçün hər şərait yaradırıq”.

Gülsüm Fətəliyeva şikayət məktubunda özünün və digər prorektor Fəxrəddin Həsənovun adının hallanmasına da etiraz edib: “Bizim adımızı da yalandan yazıblar. Nə mən, nə də Fəxrəddin müəllim rektordan narazı deyilik. Nə də heç yerə şikayət məktubu göndərməmişik. Adımızdan istifadə edib, Yusif müəllimə böhtan atırlar”.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu