Nazilik əlil məmurlarla bağlı məsələyə aydınlıq gətirdi




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili audit şöbəsinin əməkdaşlarının əksəriyyəti saxta əlilliyi olan, əlillik müavinəti alan və əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata düşüb.



Bu məlumat "Anaxeber.info"nun yaydığı xəbərdə yer alıb. Saytın yazdığına görə, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Pensiya təminatı şöbəsinin müdiri İsmayılov Eyvaz Firqət oğlu və Sosial yardım sektorunun sektor müdiri, DSMF-nin monitorinq qrupunun rəhbəri Məmmədov Fikrət Qənimət oğlu saxta yolla özlərinə ikinci qrup əlillik pensiyası düzəldiblər. Həmçinin nazirliyin digər vəzifəli şəxslərinin -Heybət İmanov, Cəmil Kərimov və Rüfət Bəbirovun da II qrup əllillik dərəcəsi olduğu bildirilir.

Adının açıqlanmasını istəməyən, Daxili audit şöbəsinin əməkdaşı onu da qeyd edib ki, vətəndaşa II qrup əlil olmağı barədə tibbi rəy verilməsi üçün ən azı 6 ay stasionar müalicədə olmalıdır: "Bu müddət ərzində o şəxsin hər hansı bir işdə fəaliyyət göstərməsi mümkün deyil. Eyvaz İsmayılov və Fikrət Məmmədov saxta əlillik almaqla, həm ən azı 6 ay ərzində, həm də saxta əlillik təyin olunan vaxtdan 2019-cu ilin sentyabr ayına kimi büdcədən küllü miqdarda vəsait mənimsəyiblər".

Anaxeber.az adı hallanan nazirlik işçilərinin əlillik sənədlərini də yayıb. Həmçinin qeyd olunub ki, bu sənədlərə əsasən, ƏƏSMN-də yüksək vəzifələrdə çalışan Heybət İmanov, Cəmil Kərimov və Rüfət Bəbirovun əmək qabiliyyəti yoxdur : "H.İmanov əqli cəhətdən zəif, idrakın enməsi, qabarıq yaddaş pozuntuları olan, görmə qabiliyyəti zəif, psixi pozuntuları olan, adi şəraitdə işləyə bilməyən, C. Kərimov gərginlik stenokardiyası, III dərəcəli kəskin ürək çatışmazlığı, hipertoniya diaqnozu olan, R. Bəbirov isə hipertoniya II mərhələ, ağır ensofalopatik hal, yüksək risk faktoru ilə stenokardiya, xroniki beyin qan dövranının pozğunluğu diaqnozu ilə əmək qabiliyyəti olmayan şəxslərdir".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Fazil Talıblı AFN-ə açıqlama verərək, yayılan xəbərin tam doğru olmadını bildirdi: "Mətbuatda ƏƏSMN-də çalışan 5 şəxsin əlil olması ilə bağlı məlumat yayılıb. Öncə onu qeyd edim ki, adı çəkilən 2 nəfərin- Rüfət Bəbirov və Heybət İmanovun əlillik dərəcəsi yoxdur. Bu yalan xəbərdir. Digər 3 nəfərin-Cəmil Kərimov, Eyvaz İsmayılov və Fikrət Məmmədovun əlillik dərəcələri var. Burda qeyri-adi heç nə yoxdur. Onların hər biri öz sahələri üzrə uğurlu kadrlardır və əlil olmaları iş fəaliyyətinə heç bir əngəl yaratmır. Əlil vətəndaşların da işlə təmin olunmaq haqları var. Hətta hər bir qurumun nəzərdə tutulan kvoyata uyğun olaraq, əlil vətəndaşları da işə götürmək kimi bir öhdəliyi mövcuddur".

F.Talıblı onu da qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əlil şəxslərin hüquqlarını qoruyan, müdafiə edən bir qurum olaraq, o cür vətəndaşların iş fəaliyyətini yüksək qiymətləndirir və təbliğ edir.

Könül CƏFƏRLİ





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu