20 yaşlı bələdiyyə institutu: yerli özünüidarəetmə Azərbaycana nə qazandıra bildi?




Azərbaycanda bələdiyyələrin yaradılmasından 20 il ötür. Respublikamızda ilk bələdiyyə seçkiləri 1999-cu il dekabrın 12-də keçirilib və ilkin dövrdə ölkə üzrə 2700 yerli idarəetmə orqanı yaradılıb. Növbəti (beşinci) bələdiyyə seçkiləri bu il dekabrın 27-də baş tutacaq.



20 il ərzində çox azsayda bələdiyyə özünü doğrulda bilsə də, əksəriyyət üçün eyni nəticəni demək çətindir. Bələdiyyə institutu gözlənilən səviyyədə formalaşa, əhalinin yerli problemlərinin həllində yaxından iştirak edə bilmədi. Bu isə zamanla bələdiyyəyə olan inamın və ictimai nüfuzun azalması ilə nəticələndi.

Azərbaycanda 1999-cu ildən “Bələdiyyələrin statusu haqqında” qanun qüvvədə olsa da, bu orqanların müstəqil qurum kimi fəaliyyəti də sual altındadır. Ekspertlərin bildirdiyinə görə, yaranmış vəziyyətin əsas səbəbi bələdiyyə səlahiyyətlərinin və büdcəsinin az olmasıdır.



Mövzu ilə əlaqədar ekspertlərin, millət vəkillərinin rəyini öyrənməyə çalışdıq. Millət vəkili Fazil Mustafa AFN-ə açıqlamasında qeyd edib ki, ölkəmizdə bələdiyyələrin yetərincə səlahiyyəti yoxdur: "Azərbaycanda bələdiyyə institutu inkişaf edə bilməyərək, 20 il ərzində nüfuzdan düşən bir quruma çevrildi. Bunu isə qanunvericilikdə onların səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlıdır. Yerli icra hakimiyyətinin malik olduğu səlahiyyətlərin bir qismi bələdiyyələrə verilməlidir. Qurumun ictimai nüfuzu qalxmalı və xalqın alt qatda özünüidarəetmə funksiyanın həyata keçirdiyi ciddi bir orqana çevrilməlidir. Bu dövlətin də xeyrinədir, bir sıra məsələlərdə yükü azalar".



Hüquqşünas Ələsgər Məmmədli isə bələdiyyələrin 20 illik fəaliyyəti ilə bağlı AFN-ə bildirdi ki, bu orqanın əsas problemlərindən biri statusu ilə bağlıdır: "Ölkəmizdə bələdiyyə institutunun formalaşması məsələsi 1995-ci il konstitutsiyasında açıq şəkildə göstərilib. Qanuna əsasən bələdiyyə seçkiləri 2 il ərzində keçirilməli idi. Lakin belə olmadı. Öncə torpaq islahatı aparıldı və yalnız 4 il sonra bələdiyyə seçkiləri baş tutdu. Bu bələdiyyənin torpaq təminatı baxımından aldığı ilk zərbə oldu. Eləcə də “Bələdiyyələrin statusu haqqında” qanunda kifayət qədər az səlahiyyət verildi. Nəticədə bu instutut inkişaf edə bilmədi. Hər seçkidə vətəndaşlara müəyyən siyahı təqdim olunur və bələdiyyələrə həmin siyahıda qeyd olunan şəxslər təyin edilir. Onlar isə ciddi bələdiyyə funksiyalarını icra etmir, büdcəyə daxil olan gəlirin bölüşdürülməsi ilə məşğul olurlar. Son illərin statistikası göstərir ki, bələdiyyə büdcəsinin 70 faizi üzvlərin maaşına sərf olunur. Bu isə o deməkdir ki, bələdiyyələr ancaq özlərini saxlaya bilir".

Ə.Məmmədli onu da qeyd edib ki, bələdiyyələrə indiyədək tam səlahiyyət verilməyib: " Azərbaycan Avropa Şurasının üzvü olaraq, həm də yerli özünüidarəetmə haqqında Avropa Xartiyasına qoşulub. Bu xartiyanın tələblərindən biri də budur ki, bələdiyyələrə tam və müstəsna səlahiyyət verilsin. Təəssüf ki, Azərbaycandakı bələdiyyələrə 20 ildir belə bir səlahiyyət verilməyib".



Mövzu ilə bağlı deputat Fəzail Ağamalının da münasibətini öyrəndik. O, AFN-ə bildirdi ki, Azərbaycanda bələdiyyələrin qanun çərçivəsində kifayət qədər səlahiyyəti var: " Bu səlahiyyətlər "Bələdiyyələrin statusu haqqında” qanunla tənzimlənir. Buna baxmayaraq, yerli bələdiyyə institutu arzuladığımız səviyyədə hələlik formalaşa bilməyib. Ancaq bu istiqamətdə proses gedir. İnanmaq istərdim ki, bizim bələdiyyələr də digər demokratik ölkələrdə olduğu kimi yaxın 10 ildə ölkəmizin sosial-iqtisadi həyatında ciddi rol oynayacaq, öz töhvəsini verəcək".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində bələdiyyələrlə bağlı yetərincə sənəd hazırlanıb və qəbul olunub: " Bu sənədlər dünya praktikasına söykənən, ən müasir tələblərə cavab verən qanunlardır. Lakin müəyyən obyektiv və subyektiv səbəblərə görə hələlik bu qanunların həyata keçirilməsinə nail ola bilməmişik. Təəssüf ki, bələdiyyəyə seçilən şəxslər ancaq torpaq satqısı və icarəsi ilə məşğul olur, bununla da vəzifələrini bitmiş hesab edirlər. Əslində isə belə olmamalıdır. Bələdiyyə fəaliyyət göstərdiyi ölkənin sosial-iqtisadi həyatında böyük rol oynayan quruma çevrilməlidir".

F.Ağamalı onu qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən bələdiyyələr müstəqil deyil: "Bələdiyyələrin üzərində daha çox yerli icra hakimiyyətlərinin təsiri var. Onlar fəaliyyətlərini ya müstəqil şəkildə qura bilmir, ya da qurmaq istəmirlər".



AFN-in suallarını cavablandıran iqtisadçı ekspert Azər Mehtiyev də bələdiyyələrin statusu ilə bağlı ciddi problemlərin olduğunu diqqətə çatdırıb: "Yerli özünüidarəetmə orqanının öncə statusu müəyyən olunmalıdır. İndiyədək bu quruma müstəqil şəkildə əhalinin yerli tələblərini ödəyəcək ciddi bir status, maliyyə qaynağı verilməyib. Faktiki olaraq, rayon icra başçısının, yaxud da onun kənd nümayəndəsinin bir əlavəsi kimi fəaliyyət göstərirlər. İcra hakimiyyəti nə göstəriş versə, bələdiyyələr onu yerinə yetirir. Bu da əhalinin adıçəkilən orqana olan marağını, nüfuzunu azaldır.

Eləcə də qanunvericilikdə bələdiyyələr üçün nəzərdə tutulan vergi və başqa ödənişlər əhəmiyyətli maliyyə qaynağını formalaşdırmır".

A.Mehtiyev qeyd edib ki, hazırda Azərbaycanda 1606 bələdiyyə var və ötən il bu orqanların ölkə üzrə ümumi büdcəsi təqribən 36 milyon manat olub: "Bu məbləğ Avtopada fəaliyyət göstərən kiçik bir bələdiyyənin büdcəsindən azdır. Ölkə üzrə orta hesabla hər bələdiyyəyə düşən illik vəsait 22 min manat təşkil edir. İndiyədək yalnız Sumqayıt bələdiyyəsinin büdcəsi 1 milyon manata çatıb. Bu, geniş imkanları olan ölkədə yeganə bələdiyyədir. Normal maliyyə qaynağı olmayan qurumun ciddi iş görmək, əhalinin tələblərinə cavab vermək imkanı yoxdur. Ölkəmizdə bələdiyyələrlə bağlı islahatlara böyük ehtiyac var".



Hüquqşünas Əliməmməd Nuriyev isə AFN-ə açıqlamasında bildirib ki, bələdiyyələrlə bağlı əsas problemlərdən biri kifayət qədər resursun olmamasıdır: "Bələdiyyələrin səlahiyyətləri var, amma bu səlahiyyətləri həyata keçirmək üçün resursları yoxdur. Bu orqan zamanla icra hakimiyyətinin əlavəsinə çevrildi. Əlbəttə ki, bələdiyyənin dövlət orqanları ilə əməkdaşlıq etməsi normal haldır. Hətta beynəlxalq təşkilatlarla da əlaqələr yarada, birgə fəaliyyət göstərə bilər. Amma bu əməkdaşlıq tabeçilik şəklində olmamalıdır.

Düşünürəm ki, bütün bələdiyyələr haqqında mənfi rəy demək doğru deyil. Sıralarında yaxşı nümunələr də var. Onları əhali tanıyır, müraciət edir. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Ümid edirəm ki, bundan sonra bələdiyyələrə daha geniş imkanlar yaradılacaq. Həmçinin yaxşı olar ki, icra hakimiyyəti ilə paralel olan bəzi səlahiyyətlər tamamən yerli özünüidarəetmə orqanına verilsin".

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu