Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bir daha məsələ qaldırdı
Millət vəkili Qənirə Paşayeva AŞPA-da Azad Müzakirələr zamanı Avropa məhkəməsinin Çıraqov və başqaları Ermənistana qarşı adlı qətnaməsindən danışıb AŞ və AŞPA-nı bu qətnamənin yerinmə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb. AŞPA-da Azad Müzakirələr zamanı AŞPA-nın qəbul etdiyi 1416 saylı və Sərsəng su anbarı ilə bağlı qətnamədən danışıb və nə üçün qəbul etdiyiniz qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərmirsiniz deyib və təşkilatı ikili standartlara son qoymağa çağırıb.
" Əziz həmkarlar, Mən Avropa Məhkəməsinin icra olunmayan qərarları, AŞPA-nın uzun illərdir həyata keçirilməyən qətnamələri və uzun illlərdir Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov saxlanılan azərbaycanlı köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışmaq istəyirəm. Azərbaycan dövlətinin səylərinə, çalışmalarına, baş katib cənab Yaqlandın açıqlamalarına, çağırışlarına baxmayaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində hələ ki, heç bir müsbət irəliləyiş yoxdur. Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov tutmaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır. Bu insanların heç bir suçu yoxdur. Onlar sadəcə köçkün düşdükləri evlərini, ailə üzvlərinin məzarlarını ziyarətə gediblər. Amma Ermənistan dövləti neçə ildir ki bu insanlara zülm edir. Dilqəm Əsgərovun oğlu bir neçə gündür Assableyamızda tədbirlərdə, görüşlərdə iştirak edərək atasına qarşı Ermənistanda verilən işgəncələrin durdurulması və onun azad edilməsi üçün Avropa Şurasının, Parlament Assambleyasının səylərini artırmasını xahiş edir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasından bu istiqamətdə daha böyük səylər gözləyirlər. Mən Azərbaycan dövlətinin təmsilçisi olaraq sizləri, Assambleyamızı bu insanlıqdan kənar, qeyri-qanunu əməllərinə son verməsi üçün Ermənistan dövlətinə, hökumətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıram. Biz AŞPA-dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik. Əziz həmkarlar,
Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistan rəhbərliyi Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını artıq neçə ildir yerinə yetirməkdən imtina edir. Doğma yurduna qayıda bilməyən qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün Avropa Şurası qurumları da ciddi addımlar atmır və qərarın yerinə yetirilməsi üçün Ermənistanın rəhbərliyinə heç bir təzyiq göstərmir. Avropa məhkəməsi qərarlarının yerinə yetirilməməsi Parlament Assambleyasını ciddi narahat etməlidir və onun yerinə yetirilməsi üçün AŞPA, Avropa Şurası təsisatları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır.
Doğma evinə qayıda bilməyən qaçqın və məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa çağırır. Onlar AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırırlar. Ermənistan həmin qətnaməni yerinə yetirməkdən imtina edir və evlərindən didərgin düşən azərbaycanlıların doğma yurdlarına qayıtmasına imkan vermir.
Əziz həmkarlar,
Mən Parlament Assambleyamızın Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi 2085 saylı qətnaməsindən də danışmaq istəyirəm. Həmin qətnamədə Parlament Assambleyası Ermənistandan su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoymasını tələb edirdi. Amma Ermənistan bu qətnamənin həyata keçirilməsi üçün də heç bir addım atmır və on minlərlə azərbaycanlı, əhalinin sıx yaşadığı bir neçə rayon bundan ciddi əziyyət çəkir. İndi yay aylarıdır və susuzluqdan əziyyət çəkən on minlərlə insan Assambleyanı bu məsələyə də diqqət yetirməyə və qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atmağa və onun yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etməyə çağırır.
Dəyərli həmkarlar,
27 ildir evlərinə qayıda bilməyən bütün azərbaycanlı köçkünlər onların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən daha fəal mövqe tutmağı, bu istiqamətdə səylərinizi daha da artırmağınızı gözləyirlər. İnsan haqlarının müdafiəsi dəyərlərinin qorunması prinsipləri üzərində qurulan AŞPA o insanların səsini dinləməli və onların öz evlərinə dönə bilməsinə dəstək olmalıdır.